Göygöl Peşə Məktəbində “Hərbi Vətənpərvərlik” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Göygöl Peşə Məktəbinin direktoru Kəmalə Nəhmədovanın təşəbbüsü və dəstəyi ilə gənclərin Azərbaycan Ordusunda xidmətə və Vətəni qorumağa psixoloji hazırlığının artırılması məqsədilə “Hərbi Vətənpərvərlik” mövzusunda maarifləndirmə tədbiri təşkil olunub.
Tədbirdə məktəbin hərbi rəhbəri Elyar Əşrəfov və psixoloq Sevinc Hacıyeva çıxış edərək gənclərlə hərbi-vətənpərvərlik ruhu, mənəvi-psixoloji dayanıqlıq və şəxsi məsuliyyət mövzularında geniş məruzələrlə çıxış ediblər. Natiqlər orduda xidmətin yalnız fiziki hazırlıq deyil, eyni zamanda psixoloji möhkəmlik tələb etdiyini xüsusi vurğulayıblar.
Çıxışlar zamanı gənclərə çətin və stresli şəraitdə soyuqqanlı qalmaq, düzgün və operativ qərar vermək, psixoloji baxımdan özünəinam, intizam, stressə davamlılıq və komanda normalarına əməl etməyin əhəmiyyəti barədə önəmli tövsiyələr verilib.
Məktəbin direktoru Kəmalə Nəhmədova çıxışında hərbi vətənpərvərliyin gənclərin şəxsiyyət kimi formalaşmasında mühüm rol oynadığını qeyd edərək bu cür maarifləndirici tədbirlərin gənclərdə Vətənə sevgi, dövlətə sədaqət və milli-mənəvi dəyərlərə bağlılıq hisslərini gücləndirdiyini bildirib.
Tədbirin sonunda iştirakçılara “Şəhidlər ölməz, Vətən bölünməz” adlı videoçarx nümayiş etdirilib. Videoçarx gənclərdə dərin emosional təsir yaradaraq şəhidlik zirvəsi və Vətənə xidmət anlayışının müqəddəsliyini bir daha ön plana çıxarıb.
Mənbə: Patriot News.az






