“Əbədiyyətə uçan təyyarə” – qəhrəmanlıq, iman və yaddaş kitabı

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Zəngilan rayon şöbəsinin təşkilatçılığı ilə ilahiyyatçı, yazıçı, Qarabağ qazisi, “Həkəri” qəzetinin şöbə müdiri Hacı Həsən Hüseyninin müəllifi olduğu “Əbədiyyətə uçan təyyarə” kitabının təqdimat mərasimi keçirilmişdir.
Tədbir Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır.
Təqdimat mərasimini Səda TV-nin məsul redaktoru Hacı Mahir Süleyman oğlu açaraq iştirakçıları salamlamış, kitabın müəllifi Hacı Həsən Hüseyninin ictimai, mənəvi və vətənpərvərlik fəaliyyətindən bəhs etmişdir. O, müəllifin şəhidlərimizə həsr etdiyi şeirlərin yer aldığı bu dəyərli nəşrin əhəmiyyətini vurğulamış və ilk sözü kitabın redaktoru, “Həkəri” qəzetinin baş redaktoru Rauf İlyasoğluna vermişdir.
Rauf İlyasoğlu çıxışında Rusiya ərazisində törədilmiş terror aktını qətiyyətlə pisləmiş, şəhidlərimizin xatirəsinə həsr etdiyi şeiri səsləndirmişdir.
Tədbirdə Azərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyevanın atası Cəlil Əliyev çıxış edərək kövrək xatirələrini bölüşmüş, kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə dərin minnətdarlığını bildirmişdir.
Mərasimdə təyyarəni daim “Bismillah” kəlamı ilə idarə edən kapitan İqor Kşnyakinin həyat yoldaşı Jena xanım, Milli Qəhrəman pilot Aleksandr Kalyaninovun anası Yelena xanım, səma mələyi Hökumə Əliyevanın ömür-gün yoldaşı Etibar Əliyev, sabiq millət vəkili, siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev, kitabın ön söz müəllifi, hüquqşünas Dilbər Ağayeva, Səda TV-nin direktor müavini Arzu Tofiqqızı, Azərbaycan Türk Xalqları Qardaşlığı İctimai Birliyinin sədri, filologiya üzrə fəlsəfə doktoru, dosent Səkinə Bayramova, Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri Mehriban Abdullayeva, Az TV-də uzun illər səmərəli fəaliyyət göstərmiş yazıçı-jurnalist Miraslan Bəkirli, şəhid Elvin İslamovun atası Elçin İslamov, Vətən müharibəsi veteranı Azad Musayev, qazi İsa Qazaxlı, şəhid Sənan Abdullayevin atası Şahin Abdullayev, şəhid Rəşad Zeynallının Mirqiyas Zeynallı, həkim, qazi İlham Şəbiyev və başqaları çıxış edərək şəhidliyin hər kəsə nəsib olmayan ən uca məqam, şəhadətin isə ən ali şərəf olduğunu vurğulamışlar.
Çıxış edən Hacı Həsən Hüseyni bütün şəhidlərimizə Allahdan rəhmət diləmiş və xüsusilə qeyd etmişdir ki, terrorun milliyyəti olmur. O, AZAL-a məxsus sərnişin təyyarəsinin Qroznı səmasında raketlə vurulmasından, kapitan və pilotların son ana qədər sərnişinlərin həyatını xilas etmək naminə göstərdikləri fədakarlıqlardan danışmışdır. Radar əlaqəsi itirilmiş təyyarə Qazaxıstan ərazisində sərt eniş etməyə məcbur olmuş, ekipaj üzvləri öz ölümlərini bilə-bilə insanları xilas etməyə çalışmışlar. Nəticədə 38 nəfər həlak olsa da, 29 sərnişinin həyatı xilas edilmişdir. Qazaxıstanın xilasedicilərinin misilsiz qəhrəmanlığı da xüsusi ehtiramla qeyd edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti tərəfindən kapitanın, pilotun və bələdçi Hökumə Əliyevanın cəsurluğu yüksək qiymətləndirilmiş, onlar Azərbaycanın ən ali fəxri adına – Milli Qəhrəman adına layiq görülmüşlər.
Hacı Həsən Hüseyni – iman və səbir yolu
Qeyd etmək lazımdır ki, kitabın müəllifi olan Hacı Həsən Hüseyninin həyat yolu özü-özlüyündə bir mübarizə və möcüzə tarixidir. O, 1992-ci ildə Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmiş, ağır yaralanmışdır. Altı ildən artıq yataq xəstəsi olmuş, uzun müddət hərəkətsiz vəziyyətdə qalmışdır. Bu illər ərzində o, ümidini itirməmiş, Qurani-Kərimi oxuyaraq, dua və ibadətlə Allaha sığınmışdır.
Aşkar iman sahibi, Seyyid nəslinin övladı olan Hacı Həsən Hüseyni ailəsinin və yaxınlarının da şahidi olduğu kimi, möcüzəvi şəkildə sağalmış, yenidən həyata qayıtmışdır. Daha sonra İslam Universitetini bitirmiş, ilahiyyatçı, tədqiqatçı və yazıçı kimi fəaliyyətini davam etdirmişdir.
Bu gün Hacı Həsən Hüseyni saatlarla klassik ədəbiyyatımızın qızıl fonduna daxil olan əsərləri, xüsusilə dini-fəlsəfi mövzulu şeir və kəlamları söyləməklə məclislərdə insanların yaralı qəlbinə məlhəm səpir, onlara iman, səbir və vətən sevgisi aşılayır.
Tədbirin sonunda müəllif kitabın çapında göstərdiyi maddi və mənəvi dəstəyə görə xeyriyyəçi Hacı Mahirə və tədbir iştirakçılarına dərin təşəkkürünü bildirmişdir. Xatirə şəkilləri çəkilmiş, iştirakçılara kitab hədiyyə olunmuş, şəhidlərin ruhuna dualar oxunmuşdur.
Anım mərasimləri və muzey ziyarəti
Dekabr ayının son günlərində Hacı Həsən Hüseyninin təşəbbüsü və Hacı Mahirin təşkilatçılığı ilə müəllif, kitabın redaktoru və ön söz müəllifi ilə birlikdə Samux rayonunun Əliuşağı kəndində Milli Qəhrəman Hökumə Əliyevanın anım mərasimində iştirak edilmişdir. Tədbirdə “Həkəri” qəzetinin bölgə müxbiri Hacı Bəxtiyar Zeynalov, Gəncə Şəhər İcra Hakimiyyətinin, Kəlbəcər və Samux rayon rəhbərliyinin nümayəndələri və tanınmış ziyalılar iştirak etmişlər.
Məclisdə oxunan dualar, Hacı Həsən Hüseyninin dini kəlamları xüsusi mənəvi aura yaratmışdır. Daha sonra iştirakçılar Hökumə Əliyevanın Əliuşağı kəndində yerləşən iki mərtəbəli muzeyini ziyarət etmiş, xatirə kitabına ürək sözlərini yazmışlar.
Hacı Həsən Hüseyni şəhid Milli Qəhrəmanımız Hökumə Əliyevanın anası Kəmalə xanıma, kapitan Milli Qəhrəmanımız İqorun həyat yoldaşı Jena xanıma və şəhid pilotumuz Milli Qəhrəman Aleksandrın anası Yelena xanıma Quran kitabını və tədbirdə çəkilmiş fotolardan ibarət albomları, eləcə də dini kitablarını təqdim etdi.
Muzeyi ziyarət edənlərə “Əbədiyyətə uçan təyyarə” kitabı da hədiyyə edilmişdir.
Bu kitab yalnız bir faciənin deyil, qəhrəmanlığın, insanlığın və vətənə sədaqətin əbədi yaddaşıdır.
Səda TV - nin operatoru , həm də sürücümüz Elvin Abbasov qardaşımız tədbir boyu vidiolar çəkdi və yolların buz bağladığı bir gündə bizi salamat mənzlimizə çatdırdı .
Rauf İlyasoğlu.






