Qarakilsə rayon İcmasında Şəki kənd İcmasının təşkilatçılığı ilə Şəki kəndinin ictimaiyyəti ilə görüş keçirildi.

Qarakilsə rayon İcmasında Şəki kənd İcmasının təşkilatçılığı ilə Şəki kəndinin ictimaiyyəti ilə görüş keçirildi. Görüşdə Şəki kəndindən olan qazilər, müharibə veteranları, idmançılar və ictimai fəallar iştirak etdilər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı, ardınca Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Görüş zamanı Qərbi Azərbaycana qayıdış mövzusuna geniş yer ayrıldı. Bildirildi ki, Qərbi Azərbaycana qayıdış dövlət siyasətinin əsas istiqamətlərindən biridir və bu proses beynəlxalq hüququn norma və prinsiplərinə uyğun, mərhələli və sülh yolu ilə həyata keçirilməlidir.
Tədbirdə Qarakilsə rayon İcmasının sədri, professor Nadir Qəhrəmanov çıxış edərək Qərbi Azərbaycanın Azərbaycan xalqının tarixi və əzəli yurdu olduğunu vurğuladı, Qərbi Azərbaycana qayıdış ideyasının dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğunu bildirdi, bu prosesin beynəlxalq hüquqa əsaslanan, mərhələli və sülh yolu ilə həyata keçirilməsinin vacibliyindən danışdı.
Daha sonra Qarakilsə rayon İcmasının sədr müavini Aqif Baxşəliyev çıxış edərək icmaların Qərbi Azərbaycana qayıdış prosesində üzərinə düşən vəzifələrdən, ictimai həmrəyliyin gücləndirilməsinin, xüsusilə gənclər, qazilər və veteranların bu istiqamətdə fəal iştirakının əhəmiyyətindən bəhs etdi, görülən işlər və qarşıdakı dövr üçün planlaşdırılan fəaliyyətlər haqqında məlumat verdi.
Daha sonra Şəki kənd İcmasının sədri Sənubər Əliyeva çıxış edərək Şəki kənd icmasının bu milli məsələ ilə bağlı mövqeyindən danışdı, Qərbi Azərbaycandan olan soydaşlarımızın hüquqlarının bərpasının vacibliyini qeyd etdi, icma daxilində aparılan təşkilati və maarifləndirmə işləri, eləcə də qarşıdakı mərhələdə nəzərdə tutulan təşəbbüslər barədə iştirakçıları məlumatlandırdı.
Görüş zamanı Şəki kəndindən olan müharibə veteranları Abbasov Eltun, Hacıyev Zahir və Hacıyev Qulam çıxış edərək döyüş yolu xatirələrini bölüşdülər, qazilərə və veteranlara göstərilən dövlət qayğısını yüksək qiymətləndirdilər və Qərbi Azərbaycana qayıdış ideyasına dəstəklərini ifadə etdilər. Tədbirin sonunda qeyd olunan veteranlara diqqət və ehtiram əlaməti olaraq hədiyyələr təqdim olundu.
Daha sonra Qarakilsə rayonunun Şəki kəndindən olan idmançılar çıxış edərək əldə etdikləri nailiyyətlər barədə məlumat verdilər. Karate üzrə Respublika üçüncüsü Nurgün Hacızadə və ənənəvi karate fudokan üzrə dünya çempionu, ənənəvi karate fudokan üzrə üçqat Respublika çempionu, WKF üzrə Respublika çempionatının ikiqat bürünc və birqat gümüş mükafatçısı, beynəlxalq turnirlərin qızıl və gümüş mükafatçısı Zeynallı Şəfaqət idmanda qazandıqları uğurlarla gənclərə örnək olduqlarını vurğuladılar. Onların idman sahəsində əldə etdikləri nailiyyətlər yüksək qiymətləndirildi və idmançılara hədiyyələr təqdim olundu.
Tədbirin sonunda Qarakilsə rayon İcmasının sədr müavini Aqif Baxşəliyev, Şəki kənd İcmasının ağsaqqallar üzrə məsul şəxsi Zeynalov Nərçə və Şəki kənd İcmasının qadınlar üzrə məsul şəxsi İbrahimli Bənövşə göstərdikləri səmərəli ictimai fəaliyyətə görə mükafatlandırıldılar.
Sonda tədbir iştirakçıları ilə birlikdə xatirə fotosu çəkdirildi və görüş xoş təəssüratlarla başa çatdı.
















