Şabranda 8 ay əvvəl olmuş fəlakətin nəticələri hələ də aradan qaldırılmayıb?!

Ötən il aprelin 16-da Bakı şəhəri də daxil ölkənin bütün ərazisi boyu bir gündə üç aylıq yağıntı norması qədər yağış yağdı, 17 dağ çayında sel və daşqın baş verdi.
Ən böyük həyəcan Şabranda yaşandı. Rayonun ərazisindən keçən Şabrançay və Dəvəçiçay çaylarının daşması, eləcə də digər ərazilərdə sel sularının toplanması nəticəsində fərdi yaşayış evlərini su basdı, sakinlər təxliyyə olundu. Həmçinin bir neçə körpü sıradan çıxdı, kommunal infrastrukturda problemlər yarandı.
2025-ci ilin yekunları ilə bağlı Şabran rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynovun məruzəsindən məlum olur ki, təbii fəlakətin nəticələri hələ də aradan qaldırılmayıb. “Müvafiq qurumlar tərəfindən ilkin mərhələdə evinə ciddi ziyan dəymiş 17 rayon vətəndaşı üçün fərdi mənzillərin tikintisinə başlanılıb”- cənab Hüseynov bəyan edib.
Şabran ayrıca dövlət olmadığından onun vətəndaşı da ola bilməz. Sözümüz bunda yox. Amma ötən 8 ay ərzində fəlakət qurbanlarına ev tikilməməsi heyrət doğurur.
Ötən ilin noyabrın 18-də Azərtac Borbor kəndi ərazisindəki dağılmış körpünün hələ də təmir olunmaması ilə bağlı həyəcan təbili çalmışdı. Agentlik bildirirdi ki, mühüm avtomobil yolunun üzərində yerləşən, rayonun 4 kəndinin intensiv istifadə etdiyi körpü qəzalı vəziyyətə düşəndən sonra avtomobillər çayın içərisindən keçməli olur.
Şabran rayon İcra Hakimiyyəti aidiyyatı dövlət qurumlarına elə hey müraciət və məlumat göndərib. Qurumların da Şabrana ezam etdikləri mütəxəssislər körpülərə baxış keçiriblər. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən deyilib ki, maliyyə vəsaiti ayrılan kimi, həmin ərazidə körpünün bərpası istiqamətində işlər həyata keçirəcək.
Müharibələrin viran qoyduği, zəlzələlərin, sunamilərin yerlə-yeksan etdiyi böyük şəhərlər çox qısa müddətdə bərpa olunur. 17 evin tikintisi, 3 körpünün bərpası nədir ki, bu qədər vaxt aparır?!
Bununla belə, icra başçısı Asif Hüseynov ölkə ictimaiyyətini inandırmağa çalışıb ki, ölkəmizdə nəzərəçarpan, artan templə davam edən inkişaf 2025-ci ildə Şabran rayonunun bütün sahələrində hiss olunub.
Azər Əli

