Bakı Weather --°C
|

Ceyhun Möhübbi - fövqəladə Hadisə...

20.01.2026 16:46 | 4

Ədəbi prosesdə çılğın – nəzarətsiz rakurs qurmaq hər qələm adamına xas deyil; belə deyək, iyirminci əsrdə bunu çox az adam bacardı, iyirmi birinci əsrdə də bu səmtdə adamlar hələ çox seyrəkdir...

Ədəbi müstəvidə ortaq təcəlladan keçmək də hər adamın işi deyil. Tədqiqatçı alimlər, yazıçı və şairlər bu prosesi (xüsusilə) örnək məna kimi qavrayırlar. Bu hal zaman-zaman müxtəlif səbəblərdən asılı olur. Bəzən bir sıra çəkişmələr, yanlış etiqadlar da bu zəruri cəhdi vacib nüans kimi xarakterizə edir...

Dəyərli qardaşımız, yaradıcılığında hər iki aləmi öz fəhmi ilə dürüst ehtiva edən Ceyhun Möhübbi dünyanın sadə Təsəvvür və İradədə qərar tutmasını, İradənin Təsəvvürdən üstün olmasını elə aydın izah edir ki, axtardığımız suallara cavab tapır, onun ədəbi prosesdə çılğın – nəzarətsiz rakurs qurmaq bacarığına heyran qalırıq.

Ceyhun Möhübbinin qəzəl yaradıcılığını təqdir etdikcə bizə bəlli olur ki, bütün yerüstü yüksəkliklərdə səmasız bir idrak, onun varid olduğu səmtdə də səmimi bir vəcd var... İstedadlı şair (bəlkə heç özü də bilmədən) orijinal qəzəllərində bu mistik-ciddi zəminlərə aydın poetik şərh verir. Belə deyək, o, bir çoxları kimi Allahın diqtə etdiklərinə mifik deyil, real aspektdən yanaşır, bu iradi keyfiyyətləri ruhsal quruluşda çözə bilir.

Ceyhunda Allaha və insanlara fövqəladə məhəbbət var. Onun şəxsi insanlığı (ayrıca) fəlsəfi – elmi tədqiqat işidir. O, bizim nəzərimizdə təkcə (bir) Obraz olaraq deyil, maddi və mənəvi zərurət kimi də məna tapır. Buna görə biz onu insan kimi də, şair kimi də eyni ədəbi yöndə realizə edirik.

Səmimi deyək, Ceyhun həm insan, həm şair kimi cəmiyyətdə kəskin diqqət çəkdiyi üçün (zənnimizcə) istəməyəni – gözügötürməyəni çoxdur. O, bəlkə də buna görə idrakda təcəlla edən polifonik gerçəkləri (çox sakit və rahat şəkildə) öz könül dünyasının effekti kimi səciyyələndirir, hadisələri (çox) soyuqqanlı izləyir, heç kimə yuxarıdan aşağı baxmır və s...

Ceyhun Möhübbinin zəka tərpənişləri oxucuya dərin ədəbi siqlət ehtiva edir. Biz həm oxucu, həm də tədqiqatçı kimi bunu dəyərli qələm dostumuzun bir müddət əvvəl dahi Nəsimi haqda yazdığı irihəcmli kitabda yaddaşımıza hopdurmuşuq. Onun bugünlərdə ölməz Seyid Əzimin qəzəllərini bir kitaba sığışdıraraq çap etdirməsi də bu prosesin bir yönüdür və bu işdə də Ceyhunun zəka tərpənişləri diqqətimizdən yayınmır.

Açığı, Ceyhun Möhübbi bizim (biz şamaxılı qələm sahiblərinin) görməli olduğumuz işi görüb. Bəlli ki, deyə bilərlər, bunun nə fərqi, Nəsimi, Seyid Əzim hamınındır – bəşərindir. Bu, doğru təxmindir. Lakin eldən çıxanı birinci elin özü təqdir etməlidir...

Bu mənada Ceyhun Möhübbiyə nə qədər təşəkkür etsək, azdır.

Ceyhunun Seyid Əzimə olan töhfəsinə (Seyid Əzimin qəzəllərindən ibarət irihəcmli kitaba) diqqət edirik. Dərhal da içimizi bir təlatüm sarır ki, İRADƏ ruhsal tərpənişdir. Əgər TƏSƏVVÜR müxtəlif münasibətlərlə əlaqədə emosional təsiri artırırsa, bəsit düşüncə İlahi sevgini müqəddəs məcradan çıxarır... Sözümüz odur ki, Ceyhun Möhübbi kimi qələm adamına etinasız, intəhasız yanaşma sadəcə, təəssüf doğurur. Belə halda mahiyyət itir, yanlış etiqadlar doğrunu ruhdan salır.

Bəlkə də hələlik Allah insanlara Ceyhun Möhübbidə olan fərqli istetadı və xüsusi fərqi açmaq istəmir. O, hamının halına acıyır, bu, onun insanlıq vəsfidir. Lakin hiddət və şəhvətdə asılı olanlar heyvan kimi məna verirlər; belələri nə bilər ki, Ceyhun Möhübbi kimdir?

Bəzən yanlış iradədən doğan təsəvvür diqqəti ehtirasdan doğan çirkin niyyətlərə yönəldir. Ceyhun Möhübbiyə qarşı olanlar üçün səmt bu prizmada yön seçir...

İnsan, xoşbəxtliyin hər zərrəsini əzabdan keçməklə qazanır... Dünyanın arzu sultanı şeytandır, indi o, nə əmr etsə, yanlış səmtdəkilər dərhal baş əyirlər. Buna görə Ceyhun kimi dürüst, talantlı insanlar kənarda qalır...

Ceyhunun gördüyü iş(lər) əslində, böyük (və vacib) ictimai-ideoloji iş(lər)dir. Məsələn, onun Nəsimi və Seydi Əzimə verdiyi dəyər bizi bütün ədəbi doğru və gerçəklərin səbəbilə tanış edir. Bəlli edirik ki, Kamil Qüdsiyyət məkandan kənarda Hakimi-Şərtdir, Onda hər şey müqəddəs ruhun təqdisi ilə baş verir...

Və bəllidir, dərrakəli başlar gerçəyi daha dürüst qavrayır. Zorla ağlın mübarizəsi bu dürüstlükdən aşağı qatdadır. Dərrakə zordan ucada olur... Bəlkə buna görə antik dövrdəkilər insanı fövqəladə hadisə adlandırıblar...

Biz də Ceyhun Möhübbi haqda (məhz) bu qənaətdəyik...

Hikmət Məlikzadə

Daha çox xəbər