Göydən daş yağsa, (heç) təəccüb etmərəm

(Yazı bəzi adam-ünsürlərə aiddir)
Ölməz şairimiz Məhəmməd Hadi yazıb:
Cahana gəlmədən məqsəd nədir insana, bilməm ki?
Həqiqətmi bu xilqət, yoxsa bir əfsanə, bilməm ki?
Şairin nə dediyi bəllidir...
Bu əsnada deyim ki, İnsan, bəlkə də min adamdan biridir, yüksək mərtəbəyə qalxa bilən yeganə şüurlu varlıqdır... Ancaq nə üçünsə insan – adam, toplum olaraq (təbii ki, daha çox faizdə) dünyaya nə üçün gəldiyimizin fərqində deyilik. Məsələn, didir, dağıdır, nə gəldi qamarlayır, elə ancaq kimdənsə, haradansa nə isə qapazlamaq israrındayıq.
Allah “Qurani-Kərim”də əbəs yerə demir ki, “heyvanlarda insanlar üçün ibrətlər var...” Azacıq çevrilib heyvanlara baxaq. Şirlər, canavarlar və s. acan kimi ceyran-cüyür... sürülərinə hücum çəkir, birini gözaltı edib parçalayır, yeyib doyan kimi də özlərini günəşə verib yatırlar. İnsan nə edir? “Hər şey mənim olmalıdır” şüarını əsas tutur, milyardlar yığır və s. Daha anlamır ki, bu qədər pul, sərvət ona yalnız “beş-on günlük” həyat üçündür. Sonra yığdığı ona-buna qalır... Xülasə, insan həyata qarın otarmaq, nəfsə qul olmaq üçün gəlir, Allahı unudur, şeytanın əsiri olur, əməl tərəzisi boş qalır. Buna görə hər dəfə bu tərz yazılarımda qeyd edirəm ki, insan sadədir, adam mürəkkəb. Həqiqi insan başının üstündə Allahı görər, adam (isə) yox. İnsan Allahdan qorxar, adam, əksinə, qudurar, şeytanı Allah hesab edər...
Adamın qudurması da əməlli-başlı fəlakətdir. Səbəb oldu, olmadı, elə qudurur ki, it məəttəl qalır...
Adəmə sadə mənada “adam” deyildi, Allah ona insan olmağın yollarını göstərdi. O, azacıq insan ola bildi, qismən o mərtəbəni fəth etdi. Ondan törəyənlərin bir çoxu da azacıq insan zirvəsinə çıxa bildilər. Ancaq toplum olaraq çoxumuz təəssüf ki, hələ də adam cildindəyik. Təsəvvür edək, Müqəddəs kitablarda (da) xilas ilə əlaqəli (məntiqcə) belə bir ehtiva var: Yalnız surətcə (də), qəlbcə (də) insan olanlar Cənnətə düşə biləcəklər... Belə çıxır ki, Qiyamət çağı, haqq-hesab anında yaradılışın böyük faizi yox olacaq.
Mən də yarım əsrdir cəmiyyətdəyəm. Nələrə şahidəm, Allah bilir. Küçədə, yolda, bazarda, marketdə, avtobusda, metroda, ictimai yerlərdə və s. adamlar hansı hoqqalardan çıxırlar, görür, müşahidə edirəm. Biz hara gedirik? Nə yaşlı bilinir, nə gənc, nə yeniyetmə, nə uşaq. Abır-həya yox, vicdan tapdaq, qeyrət (hissi) ölüb, xeyir-bərəkət dəhşətli dərəcədə azalıb, nəfsi asılılıq inanılmaz artıb, ailə dəyərləri can verir, pula hərislik gözləri kor qoyub, pozğunluq elə həddə çatıb ki, şərh üçün söz tapmırsan və s. Sonra da utanmaz-utanmaz deyirik ki, Allah, bizə acı. Özümüz günahkarıq, Allahı borclu çıxarırıq... Allah üçün nə etdik ki, Ondan nəsə umaq?
Eh, indi kimin əli kimin cibindədir, heç fələk də bilmir. Avtobusa minirsən, basabasda hiss edirsən ki, səni pomidor kimi əzirlər. Bu, cəhənnəmə, bir də baxırsan ki, qarşındakı əməlli-başlı səni zora mübtəla edib - oranı-buranı elə masaj edir ki... Xəcalətindən tər tökürsən, tərpənə də bilmirsən ki, bir yana cəhənnəm olasan... Nəzərə alaq ki, kiməsə toxunmaq başqa şeydi, abırsızlıq başqa…
Bu abır-həya hara getdi, İlahi? Biz nə tez yolumuzdan çıxdıq? Deyirdik, Avropa dəyərləri nümunə götürüləsi nəsnədir, belə örnək aldıq?
Vallah, sabah-biri gün göydən daş yağsa, heç təəccüb etmərəm.
Daha nədən danışım; yeniyetmə və gənclərin yaşlı nəslə ögey münasibətindən, yoxsa, ortada meydan sulayan müasir əxlaqsızlıqdan, bəlkə telefona, qulaqcığa hərislikdən, rəngi bəlli olmayan ədəbsizlikdən? Bu görkəmdə hara gedirik? Yetişən nəsillər bizdən nə götürsün? Nədir bu dəhşətin səbəbi? Kimdir müqəssir? Rəhm yox, bağışlama yox, sevgi yox, etiqad yox, hörmət-izzətdən ümumiyyətlə danışmaq xətadır... Nə etməli, Allah? Düşünürəm, beş-on sağlam bəndən qalıb. Onlara xatir, bizə rəhm et!
İnsan nədir, nədən ibarətdir, Xaliq bilir. Bəs adam nədir? Onun missiyası tam bəlli deyil ki... Onun diqqətindən (əgər varsa) ötən hər il öz duyğu selində deyil, başqasının girdabında təmtəraq qurur. Pis vərdişlər artdıqca ruzi-bərəkət azalır, ömür daha da acınacaqlı olur. Adam bir gün müdrik, yetkin çağında görür ki, yaşadığı ömürdən Allaha heç nə verə bilmir, o an sadəcə, zarıyır. Çünki bağışlanma qapısı bağlanır...
Yuxarıda dedim, insan ali təbəqədir, adam ibtidai ünsür. Fərq etmir, hər kəs başının üstündə Allahı görməli, daha doğrusu, Allaha tapınmalıdır. Bu minvalla Cənnətə işıq tuta bilərlər.
İndi deyəcəksiniz ki, aşiq üçün fərqi yoxdur, kimə ürcah olur, onunla həyat yaşayır, çünki onunku sevməkdir. Belə deyim də, bir var, son dərəcə gözəl qadına etiqad edəsən, bir də var, çirkin, iyrənc biri ilə batil əlaqədə olasan, hansı əfzəldir? Bunun mənası budur ki, Allah dura-dura şeytana niyə könül veririk ki?
Sən məni təkcə Özünə aşiq et, İlahi!
Hikmət Məlikzadə