Bərdədə 20 Yanvar Şəhidlərinin Xatirəsinə Həsr Olunmuş Dəyirmi Masa Tədbiri Keçirildi

Uşaq Səfirlər Məclisinin Bərdə regionu üzrə nümayəndələri Əlizadə Kənan və Əliyeva Zəhranın təşəbbüsü, Bərdə rayon təhsil sektorunun dəstəyi ilə Bərdə şəhər Şəhid Alı adına 5 saylı tam orta məktəbdə 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa təşkil edildi. Dəyirmi masanın qonağı Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Bərdə rayon təşkilatının sədri, şəhid xanımı Etibarə Hüseynova olmuşdur.
Tədbiri giriş sözü ilə açan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında Uşaq Səfirlər Məclisinin Bərdə regionu üzrə nümayəndəsi Əlizadə Kənan 20 Yanvar faciəsinin Azərbaycan tarixində tutduğu mühüm yerdən bəhs edərək, bu qanlı hadisənin xalqımızın azadlıq iradəsinin, milli birliyinin və müstəqillik əzminin parlaq təzahürü olduğunu vurğuladı. O, gənc nəslin milli yaddaşının formalaşdırılmasında belə tədbirlərin əhəmiyyətini xüsusi qeyd etdi və şəhidlərin xatirəsinin daim uca tutulmasının hər bir vətəndaşın mənəvi borcu olduğunu bildirdi.
Daha sonra çıxış edən Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Bərdə rayon təşkilatının sədri, şəhid xanımı Etibarə Hüseynova 20 Yanvar şəhidlərinin göstərdiyi fədakarlıqdan, onların Vətən naminə canlarından keçməsindən söz açdı. O, faciənin şahidi olan ailələrin yaşadığı ağrıları gənclərlə bölüşərək, bu hadisənin heç vaxt unudulmamasının və gələcək nəsillərə doğru şəkildə çatdırılmasının vacibliyini vurğuladı.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında Uşaq Səfirlər Məclisinin Bərdə regionu üzrə nümayəndəsi Əliyeva Zəhra isə çıxışında 20 Yanvar hadisələrinin gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında xüsusi rol oynadığını qeyd etdi. O, bu kimi maarifləndirici tədbirlərin gənclərdə dövlətçilik düşüncəsinin, milli kimliyə bağlılığın və tarixi məsuliyyət hissinin formalaşmasına mühüm töhfə verdiyini bildirdi.
Tədbirin davamında Uşaq Səfirlər Məclisinin Bərdə fəalları Murad Akifli, Aybəniz Məmmədzadə, Zöhrab Muxtarov və Gülay Alızadə çıxış edərək 20 Yanvar faciəsinə öz baxışlarını ifadə etdilər, şəhidlərin qəhrəmanlıq yolundan, xalqımızın sarsılmaz iradəsindən və azadlıq uğrunda apardığı mübarizədən danışdılar. Onların çıxışları iştirakçılar tərəfindən böyük maraqla qarşılandı.
Sonda Bərdə şəhər Şəhid Alı adına 5 saylı məktəbin şagirdləri 20 Yanvar şəhidlərinə həsr olunmuş şeirlər səsləndirdilər və ədəbi-bədii kompozisiya ilə çıxış edərək tədbirə xüsusi mənəvi dəyər qatdılar.








