ŞEİR — İNSANIN DAXİLİ AĞRISI, ÖZ -ÖZÜNƏ QARŞI MÜBARİZƏSİDİR...
Hər dəfə şair dostların şeirlərin oxuyan kimi, tanınmış avar şairi, yazıçısı, publisisti və siyasi xadimi, Azərbaycanlıların yaxın dostu olan Rəsul Həmzətovun aşağıdakı fikirləri yadıma düşür : - "Şeir xoş bir təbəssümdən, ya da göz yaşlarından yaranır.
Bu fikirin dəqiqliyinə aydınlıq gətirmək üçün, illərlə söz və şairlər haqqında deyilən, yazılan elmi məqalələrlə təsdiqini tapan aşağıdakı yanaşmamı dilə gətirməyi özümə borc bildim.
Şeir insanın daxili ağrısı, öz-özünə qarşı mübarizəsi, yaşamaq ilə məhv olmaq arasında qalmış halı haqqında danışır. Hər bir şairin yazdığı istənilən şeirin əsas ideya budur:- insan bəzən elə vəziyyətə düşür ki, dərd onun içində yaşayır, amma o, dərdin “çölündən tutaraq” özünü sürükləməyə çalışır. Yəni həm dərd daxilindədir, həm də o dərdi öz yükü kimi daşıyır.
Və yaxudda, şeir insanın öz iç aləmi ilə üz-üzə qalmasının, daşıdığı psixoloji yükün və bu yükdən qaçmaq mümkün olmadıqda onu özü ilə aparmaq məcburiyyətinin güclü bədii ifadəsidir. Hər bənd şairin iç parçalanmasını, daxili ağrını və susqun iradəsini daha da dərindən göstərir.
Bu gün yaradıcılığına müraciət etmək istədiyim gözəl şairlərimizdən biri olan Abbas Ferecoglu şeirlərinə keçməmiş bir nüansı xüsusi vurğulamaq istəyirəm. Abbas müəllimin yaradıcılığında bir
fərdi lirika nümunəsi görürəm. Onun şeirlərindəki “mən” həm həyatın ağırlığını, həm də daxili parçalanmanı danışır. Bu lirik “mən”in ən güclü xüsusiyyəti — özünə yönəlmiş etirafdır. Abbas Ferecoglunun bütün şeirlərində sanki bu ana xətt özünü sübut kimi keçib gedir. Onun, "SÖZ ADAMLARI" şeiridə bu qəbildəndir desəm, fikrimdə yəqin ki yanılmaram.
Gecələr yuxusuz, oyaq qalarlar,
Min cürə xəyala, fikrə dalarlar,
Yaradan Allahdan ilham alarlar,
İlahi hikmətdir söz adamları.
Şair burada söz adamlarının daxili aləmini açır. Yuxusuz gecələrin yaratdığı yaradıcılıq əzabını və məsuliyyətini müqaisələndirir. İlhamın Allahdan gəlməsi fikri ilə şair, şairlərin ilahi missiyanın daşıyıcısı kimi təqdim edir. Şeirdə işlənən “İlahi hikmət” ifadəsi də məhz sözün müqəddəsliyini çatdırmaq üçün istifadə olunur.
Hərdən bir sevinər, hərdən ağlayar,
Nadanı, haqsızı, şəri dağlayar,
Özün öyənləri sözlə bağlayar,
Ən böyük qüdrətdi söz adamları.
Şair, söz adamının emosional və sosial mövqeyini göstərilir. O, laqeyd deyil – sevinir, ağlayır, etiraz edir. “Sözlə bağlamaq” ifadəsi qələmin zorakılıqsız, amma təsirli gücünü göstərir və sözün mənəvi qüdrətini ön plana çəkir.
Aşiq tək, Məcnun tək düşər çöllərə,
Qəzəl, şeir qoşar qönçə güllərə,
Doğma vətəninə, oba-ellərə,
Ən böyük sərvətdi söz adamları.
Şair burada klassik poeziya ilə bağlılığı, Məcnun obrazı ilə fədakarlığı, eşqi və təkliyi simvolizə edir. Şair oxucusunu vətənə, el-obaya bağlılığı yaradır və milli ruhu gücləndirir. Burada söz adamı maddi yox, mənəvi sərvət kimi təqdim olunur.
Abbas Fərəcoğlu sülhün çırağı,
Qələmdi şairin silah, yarağı,
Şairdi sevginin, eşqin bulağı,
Aləmə zinətdi söz adamları.
Şair, burada öz mövqeyini açıq şəkildə ortaya qoyur. Qələm silah kimi təqdim edir ki, bu da, dinc, amma güclü mübarizənin rəmzidir. Şair bu şeirdə sevgi və sülh mənbəyi kimi göstərdiyindəndir ki, nikbin notla şeiri tamamlayır.
“ÖLMÜRÜK ALLAH” şeirində isə insanda tamahın yaratdığı günahlardan doğan iç ağrısının kökünü göstərir.
Bizi kölə edib, qul edib tamah,
İnsan dayanmadan eyləyir günah,
Bütün olanlara verən yox izah,
Haqq yoluna gələ bilmirik Allah.
İnsanların haqq yolundan uzaqlaşması ümumiləşdirilmiş şəkildə təqdim olunsada, bu Allaha müraciətin həm etirafı, həm də kömək çağırışıdır.
Bəylərin ayağın qaşımaqdansa,
Bellərdə günahı daşımaqdansa,
İblislər içində yaşamaqdansa,
Bəs niyə qeyb olub itmirik Allah.
Bu, cəmiyyətdə artan rəzilliyi və yaltaqlıqı kəskin tənqid edilir. “İblislər içində yaşamaq” bənzətməsi cəmiyyətin mənəvi çirklənməsini göstərir ki, şair burada ritorik sualla oxucunun vicdanına toxunur.
Köləsi olmuşuq qeyrətsizlərin,
Əlində ram olduq hörmətsizlərin,
Yetimin, kasıbın, kimsəsizlərin,
Ağlayan gözlərin silmirik Allah.
Şeirin ən ağrılı nöqtəsi olan bu bənddə şair sosial ədalətsizliyi, gücsüzlərin taleyini önə çıxarır. Şair yalnız sistemi deyil, eyniylə susqun cəmiyyəti də ittiham edir.
Abbas dərdin çəkir doğmanın, yadın,
Dada bilmiriksə insanlıq dadın,
Əgər unutduqsa insanlıq adın,
Bəs niyə yıxılıb ölmürük Allah.
Şair burada vicdan hökmündən özünü kənarda qoymur, özünü bir şair kimi dərdin daşıyıcısı kimi təqdim edir. O, “İnsanlıq adını unutmaq” deməklə ən ağır ittiham edir və sarsıdıcı sualla şeiri bitirir.
“DEYİL”— Şeiri, təbiət, insan və cəmiyyət üçbucağında qurulub
Təkrar olunan “deyil” sözü əsas ideyanı möhkəmləndirir.
Nə qışqırır, nə də ittiham edir – sakit bir məyusluqla düşündürür.
Quşlar məhrum olub isti yuvadan,
Cəhənnəm qoxusu qoxur havadan,
Bərəkət qaçıbdı eldən, obadan,
Bağça, bağlardakı bar o bar deyil.
Gözəl şairimiz burada təbiət və həyat harmoniyasının pozulmasını göstərir. Quş yuvası istilik, təhlükəsizlik və həyat rəmzi kimi verilir. Hər şeyin tamdan düşməsi, itməsi ümumi nizamsızlığın işarəsidir. “Cəhənnəm qoxusu” bənzətməsi isə mənəvi çirklənməni gücləndiyini göstərir. Beləcə də bərəkətin qaçması həm maddi, həm də ruhani yoxsullaşmanı ifadə edir. “Bar o bar deyil” misrası nostalji və itki hissini tamamlayır.
İtir yavaş-yavaş hörmət, izzət də,
Gedir tənəzzülə namus, qeyrət də,
Azalıb yox olur nurlu sifət də,
Üzlərdən sönmüş o ar o ar deyil.
Şair burada əxlaqin, hörmətin, izzətin, namus və qeyrət kimi milli-mənəvi dəyərlərin tənəzzülünü açıq şəkildə vurğulayır. Şeirdə ki “Nurlu sifət” anlayışı daxili təmizliyin zahirdə əksidir. Arın “sönməsi” isə insanın vicdan işığının azalmasını simvolizə edir.
Sevgi də itirib öz etibarın,
Şərə pay verən var ilk pak nübarın,
Teledə axtarır çoxu öz yarın,
Sevgi həm məhəbbət, yar o yar deyil.
Şair müasir dövrün münasibətlərini tənqid edibr. Sevgidə etibarın itirməsini və onun dəyərdən düşməsini göstərir. “Teledə axtarır yarını” misrası, bu gün cəmiyyətin ağrılı yerini qabarıq göstərməklə sevginin süni, səthi formaya keçdiyini agah edir. Bununlada klassik, saf məhəbbətlə bu günkü məhəbbət anlayışı arasındakı açıq ziddiyyəti göstərir.
Fərəcoğlu deyir: incimə sözdən,
İnciyib küsübdü təbiət bizdən,
O vaxt qar yağanda olardı dizdən,
İndi göydən yağan qar o qar deyil.
Şeirin bu bənd fəlsəfi və simvolik yekundur. Şair sözü qoruyur, günahı insanda görür. Təbiətin “küsülməsi” insanın ona qarşı məsuliyyətsizliyinin nəticəsini ön plana çıxarır. Qar obrazı keçmişin saflığını, bolluğunu xatırladır. İndiki qarın “o qar olmaması” həm iqlim, həm də zamanın ruhunun dəyişməsi kimi oxunur.
Birinci şeirdə sözün müqəddəsliyi durursa, ikinci şeirdə, insan vicdanı sorğu-suala çəkilir, üçüncü şeir isə qəlbin dərinliyindən gələn müşahidə və ahəngli kədərdir.
P. S. Dəyərli şairimiz Abbas Ferecogluna yaradıcılığında uğurlar diləyib, ona uca Yaradandan sağlam can sağlığı, uzun ömür, sevincli günlər arzulayıram.
Böyük ehtimalla,
Elxas Comərd,
AYB-nin, "İti Qələm" Respublika Ədəbi Birliyinin və "Ağsu Yazarları" Ədəbi Birliyinin üzvü.