Bakı Weather --°C
|

YAVƏR NURİYEV – XATİRƏLƏRDƏ YAŞAYAN ÖMÜR

28.01.2026 11:59 | 70
" Zəngəzurun səsi" qəzetinin təsisçisi və baş redaktoru, “Azərsu”nun əməkdaşı, Qarabağ müharibəsi veteranı Yavər Nuriyevin həkimlərin səhlənkarlığı nəticəsində vaxtsız vəfatı məni dərin hüznə qərq etdi. Bu ağır itki illərin dostluğunu, unudulmaz xatirələri bir-bir gözlərim önünə gətirdi.
Yavər müəllim 1988-ci ildə Zəngəzurun Qafan rayonundan didərgin düşərək Bakıda məskunlaşmışdı. Ali təhsil almışdı.
Uzun illərBakıda San-Marino, sonradan adı dəyişdirilmiş Beynəlxalq Universitetdə çalışmış, zəhməti ilə özünə həyat qurmuşdu. İki qız övladını böyüdüb ailə sahibi etmiş, nəvələrinin sevincini yaşamışdı. Dostları kimi mən də toylarında iştirak etmiş, xeyir-duamı vermişdim.
O, həm də Birinci Vətən Müharibəsinin iştirakçısı idi və Ağdamda düşmənə qarşı döyüşmüş, ərazi bütövlüyümüzü qorumuşdu. Bu, onun cəsarətini və vətənpərvərliyini əyani şəkildə göstərir.
Onun yaddaşı olduqca güclü idi. Kiminsə adını soruşanda, həmin adamın mobil, hətta ev telefonunu belə əzbərdən deyirdi. Qafan rayonundan didərgin düşmüş soydaşlarımızın ad-soyadını və əlaqə nömrələrini toplayaraq “Yaddaş kitabı”nı nəşr etmişdi. Bu, o dövr üçün böyük və dəyərli təşəbbüs idi.
“Zəngəzurun səsi” qəzetində çoxsaylı yazılarım dərc olunmuşdu və bu işlərdə mən Yavər müəllimə hər zaman dəstək olurdum. Elə buna görə də çoxları məni qəzetin əməkdaşı hesab edirdi. Yavər müəllimi şəhid atası mərhum Məhəmməd Mürsəl oğlu, Elman Süleymanov və bir çox ziyalı insanlarla məhz mən tanış etmişdim. O, bu tanışlıqlara xüsusi dəyər verir, əlaqələri daim qoruyub saxlayırdı.
Yaxın qohumum, şəhid qardaşı Rəfaili də Yavər müəllimlə mən tanış etmişdim. Yavər müəllim söhbətcil, zirək, ürəkli insan idi, insanlarla tez ünsiyyət qurur, hər kəsin rəğbətini qazanırdı.
Birlikdə keçirdiyimiz günlər saysızdır.
Qəbələnin Vəndam kəndinə əsgər yoldaşının oğlunu hərbi xidmətə yola salmağa getmişdik. Qayıdanda Mingəçevirdə bibim oğlu, şəhid Nahidin qardaşı Arif Həmid oğlunun evində süfrə arxasında olmuşduq. Daha sonra Ağsuda Raziyə xanımın anasının evində qonaq qaldıq. Hər yerdə səmimiyyət, dostluq və isti münasibət vardı.
Ad günləri də yaddaqalan keçirdi. Məhəmməd kişi bir dəfə ona bir qoyun hədiyyə etmişdi. Vişnovkadakı bağında təşkil olunan ad günündə məclisi Şamo idarə edirdi, Cahan xanımın sevinci gözlərindən oxunurdu. Bağ süfrəsinin öz ləzzəti olurdu. Həmin gün Yavər müəllim təzə üzüm yarpağı yığdırıb bizə pay vermişdi.
Qələm dostumuz, "Bütöv Azərbaycan" qəzetinin təsisçisi və baş redaktoru Tamxil Ziyəddinoğlunun tərtib etdiyi nəğməkar şair Hafiz Baxış haqqında kitabın təqdimat mərasiminə də Yavər müəllimlə birlikdə getmişdik. Həmin tədbirlə bağlı “Respublika” qəzetində mənim geniş məqaləm də dərc olunmuşdu.
O, general təxəllüsü cəsur döyüşçü olmuş Əlövsət bəylə, şair Sarıgül Yağmurla və bir çox ziyalılarla yaxın münasibətdə idi. Dostumuz Ənvər Məmmədov onu görən kimi deyirdi: “Yavər çox zirəng və fərasətli adamdır.”
Yavər Nuriyev Qafan ziyalılarının tədbirlərində iştirak edər, məni də o məclislərə aparardı. Şair Əliş Əhməd oğlu , Bariz müəllim, Vaqif müəllim , İlya müəllim kimi alicənab insanlarla ünsiyyəti onun dünyagörüşünü daha da zənginləşdirirdi.
Yavər müəllim pəhləvan cüssəli, mərd, xeyirxah insan idi. İctimai işlərdə, deputat seçkilərində fəal iştirak edirdi. Son vaxtlar iqtisadi çətinliklər səbəbindən müalicəsini davam etdirməkdə çətinlik çəkirdi. Təəssüf ki, bu da onun vaxtsız itkisinə səbəb oldu.
Onun vəfat xəbərini sosial şəbəkədən eşidəndə sarsıldım. Dost itkisi çox ağır olur. Ürəyin parçalanır, söz boğazında qalır. Bu dünya fanidir, amma belə insanların yeri heç vaxt dolmur.
Mərhum Yavər Nuriyevin yas mərasimi 31 yanvar – 6-cı gün, Zəm-Zəm mərasim evində (Həzi Aslanov metrosunun yaxınlığı) keçiriləcək.
Allah Yavər müəllimin günahlarını bağışlasın, ruhunu şad etsin, məkanını cənnət eləsin. O, təkcə ailəsi üçün deyil, onu tanıyan hər kəs üçün əvəzolunmaz bir insan idi.
Ruhu şad olsun.
Rauf İlyasoğlu

Daha çox xəbər