Ağ Obrazın Giya Paçxataşvili dərki

İnsan ruhun əsiri, bədənin ağasıdır; batildə böyük qismdə mənfi (günahkar), batində çox az həddə müsbət (imanlı) fərddir. Bəlkə də buna görə bir əcdadın (Adəmin) törəməsi olduğumuz halda (təəssüf) yüz qarışıq səmtin, neçə-neçə törəmənin formuluyuq...
Uşaq çağlarımızda nağıllara qulaq asırdıq; böyüklərin təsirli (əslində, yalançı) fəhmi ilə oradakı “həqiqətlərə” inanırdıq. O inam da küməmizi yıxdı. Elə yıxdı ki, indi də yalanı həqiqət hesab edirik...
Bəzən insanlara rast gəlirik ki, (faiz etibarilə) nisbətən fərqli olurlar. Necə ki, kəhrəba (da) 100 ilə yaranır, Allah istedad (və fəhm) verdiyi insanları da 100, (bəlkə də) 200 ildən bir xəlq edir. Onlar çox vaxt öz boylarından böyük görünürlər. Bizim Ağ Adam kimi təqdir etdiyimiz Giya Paçxataşvili də bu qəbil insanlardandır. O, (həmişə) yalnız söz səltənəti qurmaq eşqi ilə yaşayıb. Şübhəsiz, indi də bu qurucu iş uğrunda qələmini külüng edir.
Uşaqla uşaq, böyüklə böyük olan Giya təkcə özü ilə təmas qura bilmir. Əslində, bacarır, ancaq başqasının dərdini çözmək “xəstəliyi” onun özü üçün səmt-yol aramaq hövsələsini daraldır...
Nə isə. Giya bizim Giyadır... Bu yazıda (isə) məqsəd haqqında işıq üzü görmüş kitabla əlaqədar nəsə deməkdir. Azərbaycanın Əməkdar jurnalisti Qənbər Ağayevin və filologiya elmləri doktoru, professor Nizami Tağısoyun birgə müəllifliyi ilə 2024-cü ilin sonlarında “İmza – Nəşrlər evi” tərəfindən buraxılmış “Azərbaycan ədəbiyyatında Giya Paçxataşvilinin yeri” adlı kitab da məhz bizim Giyanın yaradıcı ruhuna (bir) səmimi ehtiram, (bir) minnətdarlıq hissidir.
Adıçəkilən kitab Giyanın ədəbi yaradıcılığı, bir qədər də tərcümə işi ilə əlaqəli məlum vəziyyəti özündə ehtiva edir. Burada Giya yaradıcılığı mümkün paradoksda ünvan tapır, zəruri əhəmiyyət kəsb edir.
Diqqətlə nəzər salsaq, görərik ki, kitabda çox ehtiyatla sezilən bir süjet xətti var: Giya illərin süzgəcindən süzülüb gələn fərdlərdən biridir... Bizim üçün də elə Giya bir söz kəhrəbasıdır, nə vaxtsa (o da) daşlaşacaq, min il əvvələ atılacaq, ruha dolduğu səltənətdə qərar tutacaq. Ancaq unudulmayacaq. Çünki o, bir güzgüdür - Adam-güzgü. Cəmiyyət onun fövqündə çox məna ilə tanış ola bilir. Çünki o, batində necədirsə, vizual görünüşdə də elədir.
Zənnimizcə, Giya yaxşı bilir ki, bir gün bu Qara Dünyadan Ağ Obrazda köç edəndə hansı rəngdə çalar tutacaq...
Heyhat, Giya bir Ağ Qatardır, hələlik yükü qəm-qüssədir. Çoxumuz o “qatar”ı sadə bir insan şəklində çözürük, fəqət o “qatar”ın daşıdıqlarının fərqində deyilik... Əslinə qalsa, Giya Paçxataşvili gələcək üçün maddi sübutdur, hələlik yalnız öz içində çırpınan, lakin (belə deyək) bütün ədəbi istiqamətlərə enerji ötürən faktordur...
Biz “Azərbaycan ədəbiyyatında Giya Paçxataşvilinin yeri” adlı kitabı təkrar-təkrar oxuduq, Giyanı özü boyda – öz atmosferində gördük...
Hikmət Məlikzadə