Bakı Weather --°C
|

Zorla ağlın mübarizəsi elə-belə savaş deyil...

09.01.2026 12:30 | 6

Süni intellekt dövrüdür. Bir çoxumuz bu prosesi dəqiq analiz etmirik. Məsələn, belə ərz olunur ki, süni intellekt elə bir texnologiya sahəsidir ki, o, insan zəkasını təqlid edərək öyrənir, problem həlletmə, qərar qəbuletmə və məlumatları analizetmə bacarıqlarına sahibdir və s. Hətta bu sahə avtomatik tərcüməyə qədər müxtəlif tətbiqlərdə özünü göstərir. Bir sözlə, onun məqsədi insan müdaxiləsi olmadan müstəqil işləmək, xariqüladə hadisələr yaratmaqdır...

Unutmayaq ki, süni intellekti insan zəkası yaradıb. O, heç bir halda insandan artıq və ya üstün deyil. İnsanı Allah yaradıb, onu (isə) insan. Demək ki, heç bir fikir, hal və ya hadisə, yaxud texnoloji sahə Allahdan, Allah zəkasından üstün ola bilməz. Etiraf edək ki, hər yüksək ideya (qismən) Allaha qarşı çıxmaqdır. Biz buna görə qeyzlə deyirik ki, adamın Allahın yerinə danışması, hətta qərar verməsi doğru deyil. Şüursal olsa da, (yəni şüura malik olsa da), əslində, adam (çox vaxt) şüursuz hərəkət edir, şüursuz danışır və s. Məsələn, adamlar var ki, süni intellekti insandan üstün möcüzə hesab edirlər. Süni intellekti insan beyni hasil edib. Nə qədər ki, insanlar süni intellekti fövqəl bir sahə hesab edəcəklər, o vaxta qədər də ondan asılı olacaqlar. Əksinə, ağıllı insan öz yaratdığına məğlub olmaz. İnsan imkan verməməlidir ki, zəkası ilə xəlq etdiyi nəsnə onu idarə etsin.

Mən süni intellektə qarşı deyiləm. O da bir texnoloji yüksəliş olaraq insan işini asanlaşdırır. Sözüm budur ki, o, insan qənaətidir; insan fikri yüz faiz dürüstlükdə olmadığı kimi, o da yarımçıq zəmindədir...

Əvvəllər olduğu kimi, indi də cəmiyyət(lər)də çox şey başayaqdır. Bəzən doğru zənn etdiyin təəssüf ki, yanlış olur. Adam-insan zənn etdiyin kəsin içindən (get-gedə) vəhşi surətlər çıxır. Heç bilirisniz, şüurca batin adam-insan çöhərsinə vəhşi surətlər taxanda Allah şeytanın qarşısında nə qədər məyus olur?

Adam (böyük anlamda) tipoloji olaraq dəyişib (azğınlaşıb), həlli mümkün məsələlər (daha) mürəkkəb ovqat yaradır. Fiziki və maddi cəhətcə möhkəm olanlar müstəqil qərarlar verir. Belə halda da (şübhəsiz) “Mən” iddiası çoxalır. Axı “iki qoçun başı bir qazanda qaynaya bilməz”...

Maddi maraq, əslində, adamları eyni qorxu altında ağ bayraq qaldırmağa məcbur qoyur... Yəni kasıblıq üzündən adam (fərd olaraq) sosiallaşır – yuxarı (imkanlı) təbəqədən asılı olur. Bu isə arzuolunmazdır.

Nəfsi asılılıq, digər psixi təsirlər də adamı alçaldır. İnsan iradəcə çox zəifdir. Buna görə şeytan kütlələri öz vassalına çevirib.

Kasıb-mağmınsansa, elmli, bilikli, dünyagörüşlü, insan ol, fərq etməz, mütləqdir ki, maddi imkanlı şəxsin qarşısında bir heçsən. Biz bilirik, kasıb (mərd) adam təməldən belədir; nəfsi təmizdir, mal, mülk, pul, qiymətli əşyalar əldə etmək naminə özünü çirkin vasitələrə qul etməz, nəfsi asılılıqdan qaçar. O, yaxşı bilir ki, nəfsin hakim olduğu cəmiyyətlərdə rəhm yoxdur...

Arada inanmağım (da) gəlmir ki, nəfs fikirlə təsəvvür arasında dəqiq sərhəd qoya bilsin.

Doğru danışan, düzlüyü sevən adamlar çox vaxt zülmə məhkumdurlar. Bu, Allah istəyidir, alın yazısıdır, qismətdir, taledir, ya nədir, dəqiq deyə bilmərəm, bildiyim odur ki, dürüst-halal adamın cibləri həmişə boş, başı (isə) daim qapazlı olar...

Əqli inkişafın sürətdən qalması müsibət dərəcədə sosial bəladır. Adam (da) bütünlükdə sosial mahiyyət daşıyır, onun həyat təminatı olmasa, giley-güzar nəhayətdə sosial partlayışa zəmin verər.

Adamla adam arasında nisbət pozulursa, cəmiyyət təlatüm dalğalarına hazır olmalıdır. Çünki (lətifəsi insan toplumundan uzaq olsun) itin də əsəbləri ilə oynayanda, (o da) adamı qapmaq məcburiyyətində qalır.

Maddi rahatlığı olmayan adam cəmiyyətdə qərar tuta bilməz. Belə halda ona qucaq-qucaq mənəvi təsirlər et, karına gəlməz. Kim (nə) deyir desin, nə qədər fakt-sübut gətirirsən, gətir, adam yalnız tox halda öz mahiyyətinə vara bilir, mənəvi rahatlıq tapır...

Təbiət və Allahla təması pozulan adamın köksündə şeytan bardaş qurar. Şeytanın hakim olduğu dünyada isə Adəm övladı namaz qılar, nələrsə edər, ancaq əməldə yalançı görünər. Eləsinin də nə hissi qavrayışı olar, nə intellektual dərketməsi. O, ancaq dəyişkən xarakterdə diqqət çəkər, aldadıcı sifətlə təzahür edər. Ən əsası da, beləsinin sosial nöqsanları bioloji keyfiyyətləri ilə izah edilər...

İnsan bioloji cəhətdən yerə-torpağa, ruhi cəhətdən Allaha məxsusdur. Bu proses bir-biri ilə vəhdət təşkil etmir, lakin adamın sosial mahiyyətində hər iki zəmin bir qütbdə nisbət tapır. Ona görə milyon illərdir adam (iradəcə zəif olduğu üçün) bədəni də, ruhu da ölənə qədər özünə əsir edir...

Biz həmişə demişik: Ağıllı başlar gerçəyi daha dürüst qavrayır. Zorla ağlın mübarizəsi də elə-belə savaş deyil...

Nə yaxşı ki, ağıl zaman-zaman (hissi idrakda) zordan ucadadır...

Hikmət Məlikzadə

Daha çox xəbər