Səssiz ölüm, səssiz soyğun: Qaz təsərrüfatında məsuliyyətsizlik və sosial ədalətsizlik

Azərbaycanda qazdan zəhərlənmə halları artıq adi xəbərə çevrilib. Demək olar ki, hər həftə oxuyuruq: “hamamda qazdan boğuldu”, “pitiminutka qaz sızdırdı”, “bağlı məkanda istilik peçi faciəyə səbəb oldu”.
Xüsusilə qış aylarında bu cür ölümlərin sayı artır. Ən acınacaqlısı isə odur ki, bu hadisələrin böyük əksəriyyəti qarşısı alına bilən faciələrdir.
Qazdan zəhərlənmə əsasən hamam otaqlarında, havalandırması olmayan bağlı məkanlarda baş verir. Standartlara cavab verməyən pitiminutkalar, keyfiyyətsiz və ya sertifikatsız İran istehsalı peçlər, qeyri-peşəkar quraşdırma, texniki baxışların formal aparılması və ən əsası — maarifləndirmənin olmaması insanları vaxtsız ölümə aparır
Bu vəziyyətdə əsas sual yaranır:
Bu sahəyə cavabdeh olan qurumlar haradadır və nə ilə məşğuldur?
Reallıq budur ki, qaz təsərrüfatına cavabdeh qurumların fəaliyyəti təhlükəsizliyi təmin etməkdən çox, yalnız qaz pulunun yığılmasına fokuslanıb. Vətəndaşın həyatı risk altındadırsa, reaksiya günlərlə gecikir. Amma söhbət borcdan, cərimədən gedirsə — sistem dərhal “işə düşür”.
Məsələn, bir vətəndaşın qonşusunun həyətində sayğacdan qaz sızması baş verib. Vətəndaş məsuliyyət göstərərək qaz idarəsinə zəng edib. Nəticə nə olub? Qurum iki gün sonra gəlib və sızmanı aradan qaldırmaq əvəzinə, sızan qaza görə vətəndaşın adına 309 manat borc yazıb.
Burada haqlı suallar yaranır:
Sayğacdan qaz sızırsa, bu sayğaca kim cavabdehdir?
Onu quraşdıran, yoxlayan, plomb vuran qurumdur, yoxsa sadə vətəndaş?
İki gün ərzində baş verə biləcək partlayışa və ya zəhərlənməyə görə kim məsuliyyət daşıyacaqdı?
Qaz sızması cərimə predmeti yox, birbaşa həyat üçün təhlükədir. Amma bu təhlükə aradan qaldırılmaq əvəzinə, borc yazmaq alətinə çevrilib.
Daha absurd olan isə budur: vətəndaş “hava”ya, faktiki istifadə etmədiyi qaza, texniki nasazlıqlara görə pul ödəyir, amma bu nasazlıqlara görə heç bir məmur məsuliyyətə cəlb olunmur. Qaza, suya vurulan havaya görə vətəndaş cavabdehdirsə, bəs xidmətin keyfiyyətinə görə kim cavabdehdir?
Bu cür yanaşma insanları qaz sızmasını gizlətməyə məcbur edir. Çünki hər kəs bilir: zəng etsən, problemi həll etməyəcəklər — borc yazacaqlar. Bu isə birbaşa ölüm riskinin artması deməkdir.
Sosial ədalətsizlik: pensiyaçı və əlillər niyə unudulub?
Bu problemin daha ağrılı tərəfi isə sosial ədalətsizlikdir. Bu gün minimum pensiya alanlar, əlilliyi olan şəxslər, sosial cəhətdən həssas ailələr kommunal xərclərin ağırlığı altında əzilir.
Sual yaranır:
Niyə pensiya alanlara və əlillərə qaz, işıq, su xərclərində heç bir real güzəşt edilmir?
Niyə aylıq gəliri 300–400 manat olan insan bazar qiyməti ilə kommunal ödəniş etməlidir?
Bu insanlar çox vaxt təhlükəsiz, yeni avadanlıq almağa da güc tapmır. Köhnə pitiminutkalar, nasaz peçlər məhz yoxsulluğun nəticəsidir. Amma nəticədə cəzanı yenə də onlar çəkir — ya borcla, ya da həyatları ilə.
Əgər dövlət doğrudan da sosial dövlətdirsə, kommunal xidmətlər sahəsində:
pensiya alanlara və əlillərə real və davamlı güzəştlər tətbiq edilməli,
təhlükəli qaz cihazları pulsuz və ya subsidiyalı şəkildə dəyişdirilməli,
qaz təsərrüfatında nəzarət formal yox, həyat yönümlü olmalıdır.
Media da məsuliyyət daşıyır
Televiziya kanalları saatlarla şou proqramlara, süni qalmaqallara vaxt ayırdığı halda, insanların həyatını xilas edə biləcək maarifləndirici verilişlər demək olar ki, efirdə yoxdur. Halbuki qaz təhlükəsizliyi ilə bağlı mütəmadi sosial çarxlar, real izahlar, xəbərdarlıqlar onlarla insanın həyatını xilas edə bilər.
Qazdan boğularaq ölən insanlar statistika deyil. Onlar kiminsə övladı, valideyni, həyat yoldaşıdır. Bu ölümlər “tale” deyil — laqeydliyin, nəzarətsizliyin və sosial ədalətsizliyin nəticəsidir.
Əgər bu gün ciddi addımlar atılmasa, sabah yenə eyni xəbərləri oxuyacağıq.
Və yenə gecikmiş başsağlıqları verəcəyik.
Artıq insan həyatını prioritetə çevirməyin vaxtıdır.
Rauf İlyasoğlu