MƏNALI ÖMÜR YOLU
Xeyirə "gəl" deyir, Şərə "qaç" deyir,
Günəş ol, zülmətə işıq saç, - deyir,
Halal çörəyinlə süfrə aç, - deyir,
Xalqın məhəbbəti, sevgisidi o.
Xoşbəxt o kəsdir ki, bəxtinə Ulu Tanrı tərəfindən xeyirxahlıq kimi gözəl, nəcib pay düşüb və bu xoşbəxtlik bütün həyatı boyu onun alın yazısına çevrilib. Ürəyində, qəlbində insanlara qayğı, məhəbbət əsas yer tutan, işıqlı və xoşbəxt gələcək naminə bilik və bacarığını əsirgəməyən Nəsir Əhmədov şərəfli ömrü yaşayan ziyalılarrdan biridir. O, sözün həqiqi mənasında əsl ziyalıdı, gözəl insandı, gözəl ata, mehriban babadır.
Haşiyə: Sayılıb-seçilən ziyalılardan biri kimi tanınan Əhmədov Nəsir Qardaşxan oğlu 1957- ci ildə Qubadlı rayonunun Mahrızlı kəndində anadan olub. Onun hələ uşaqlıqdan elmə, təhsilə böyük həvəsi olub. Atası Qardaşxan kişi oğlunu gələcəkdə ali təhsilli mütəxəssis görmək arzusu ilə yaşayırdı.
Nəsir orta məktəbdə yaxşı oxuyurdu. Güclü mütaliəsi var idi. Dağların temiz havası onu fiziki cəhətdən möhkəmləndirib yetişdirirdisə, müxtəlif kitablar da mənəvi - psixoloji cəhətdən onu formalaşdırırdı. Nizamını, Nəsimini, Şah İsmayıl Xətaini, Səməd Vurğunu, Dədə Ələsgəri oxumaqdan yorulmurdu. Şux oynaq qəzəllər, laylalar, bayatılar onun dilinin əzbəriydi. Hətta bir dəfə belə bir hadisə də olmuşdur. Təsərrüfat işlərindən bərk yorulan Qardaşxan kişi şam yeməyindən sonra yuxulayır. Bir də gecə xoruzun İlk banında oyanır. Ayağının ucunda yaxınlaşıb görür ki, Nəsir üzüqoylu dirsəklənib, çənəsini ovçunun içinə alıb kitab oxuyur.
- Ay oğul, heç olmasa öz canına yazığın gəlsin. Bu qədər də oxumaq olarmı?
Nəsir atasına heç nə deməmiş, çırağı söndürüb yorğanı başına çəkmişdi. Ancaq uzun müddət yerinə qor tökülən adamlar kimi yata bilməmişdi... Bu hadisədən bir il sonra Nəsir indiki APU - nin filologiya fakültəsinə qəbul olur. Mahrızlı kəndində qohumlar, müəllimlər onu təbrik edib ,daha böyük uğurlar arzulayırlar.
Elə həmin vaxtdan tələbəlik illərinin acılı - şirinli günləri başladı. Çox keçmədi ki, o, nümunəvi tələbə kimi tanındı. Qiyabi oxuduğuna görə rayonda müxtəlif işlərdə çalışmalı oldu. Sonra rayon Həmkarlar İttifaqının sədri vəzifəsinə irəli çəkildi.
…Xatirələrlə dolu bir omurə bənzəyən tələbəlik illərinin açısı da, ağrısı da, xoş günləri də heç zaman unudulmur, yaddan çıxmır, bəzən ömrün dolaylarında o günlər yada düşəndə qəlbində bahar çiçəkləri gül açır, o günlərin ətri adamı ötən illərə qaytarır.
Yaxşı insan o kəsdir ki, ürəyi, qəlbi böyük amallar uğrunda döyünsün, düşünsün, sevilsin. Əbəs yerə deməyiblər ki, bütün sahələr üzrə güclü, şöhrətli mütəxəssis olmaq mümkündür. Ancaq qadir, kamil insan olmaq çətindir. Əsl insanın soykökü, qanı təmiz olmalıdır. Bir dost kimi deyirəm ki,bizim Nəsir müəllim öz zəhməti, insanlığı ilə layiqli zirvəyə yüksələ bilib.
İnstitutu bitirəndən sonra Nəsir müəllimin ən çətin, ağır günləri başlayır. Şərəfsiz erməni daşnakları Qubadlını, Zəngilanlı, Cəbrayılı, Laçını , Kəlbəcəri… işğal edirlər. Rayonun camaatı qaçqınlıq - köçkünlük həyatı yaşayırlar. Onlar bir müddət Kürdəmir ərazisində məskunlaşırlar, daha sonra Bakıya köçürlər. Nəsir müəllim hazırda Bakı şəhərində yaşayır.
Haşiyə: Halal zəhməti ilə dolanan bir kişi varmış. Bir gün şər qarışan vaxtı qapısı döyülür. Kişi qapını açır və görür ki, bayırda üç nəfər nabələd adam durub. İndi bunlara nə desin, nə təhər içəri dəvət etsin. Axı, daxma çox darısqaldır. Üç nəfər buraya necə sığışacaq? Onlardan biri deyir:
-Əmi, biz üç qardaşıq! Mənim adım hörmətdi, ortancıl qardaş Dövlətdi, kiçik qardaşımın adı Şohrətdi. Vəziyyəti belə gördük, heç olmasa, birimizə yer elə! Kişi də qayıdıb deyir ki, Hörmət buyursun içəri. Qonaqların hər üçü qabağa yeriyir. Kişinin çaşıb qaldığını görən qardaşlar deyirlər ki, ağsaqqal, Hörmətin mərtəbəsini uca tutmaqla hər üçümüzə bir gözlə baxdın, çünki Hörmət olan yerdə Şöhrət də var, Dövlət də.
Bəli, belə hörmətl, şöhrətli kişilərdən biri də Nəsir müəllimdir. Bütün bunlar onun tale qisməti, bəxti deyil, öz böyük, geniş qəlbinin, el- oba üçün döyünən ürəyinin, gecəsini gündüzə qatdığı günlərinin hesabı olan halal payidır.
Nəsir müəllim tələbəlik illərindən savadlı, hazırcavab adam kimi tanınıb. O, institutu bitirəndən sonra heç vaxt əlinə jurnal alıb sinifə girməyib. Kənd Təsərrüfatını yaxşı bildiyi üçün onu rayon Həmkarlar ittifaqının sədri vəzifəsinə seçiblər. Hələ gənclik illərində onun alicənablığına, əxlaqına, xoş davranışına heyran qalmışdım.
Hərdən fikirləşirdim ki, ondakı bu yüksək mədəniyyət,ləyaqət hardandır?... Nəsir müəllimlə yol - yoldaşı da olmuşam, bir süfrədə çörək də yemişəm. Onu yoldaş, qonşu, dost kimi həmişə yüksək dəyərləndirmişəm. Bir sözlə, onu çox sınağa çəkmişəm. Görmüşəm qonşusunu, dostunu özündən çox istəyir. Yalan, saxtakarlıq ona tamamilə yaddır.
Nəsir müəllim yaxşı ailə başçısıdır. İki övladı varNəsir müəllim Vətən üçün, xalq üçün gərəkli, tərbiyəli övladlar böyüdüb. Biz onları fəxr edir, öyünürük.
Təbiətin yazılmamış gözəl bir qanunu var. İnsan övladlarını təhsilli, ağıllı, yaşadığı cəmiyyət üçün yararlı adam kimi görəndə daxilən rahat olur,
azad nəfəs alır, iftixar hissi keçirir. Mənalı ömür yaşayan bizim Nəsir müəllim kimi!
Hüseyn İsaoğlu, yazıçı - publisist, AYB- nin və AJB - nin üzvü.
