Sözün və əməlin işığı
Qələm dostumuz Tamxil Ziyəddinoğlu Hacıyev – sözün gücünü və əməlin dürüstlüyünü öz həyatında birləşdirən nümunəvi şəxsiyyətdir. O, 1958-ci ildə Zəngəzur mahalının Kurud kəndində anadan olub.
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra qəzetçilik və televiziya sahəsində uzun və məhsuldar fəaliyyət göstərmiş və bu gün də şərəfli missiyasını uğurla davam etdirir.
Tamxil müəllim “Sovet kəndi” və “Respublika” qəzetlərində müxbir və şöbə müdiri kimi çalışmış, 1996-cı ildən Azərbaycan Televiziyasında müxtəlif vətənpərvərlik və hərbi mövzulu verilişlərin müəllifi və baş redaktoru olmuşdur. Daha sonra 2008-ci ildə “Bütöv Azərbaycan” qəzetini təsis edərək mətbuat sahəsində öz imzasını qoymuş, qəzet və portal vasitəsilə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mühüm rol oynamışdır.
Onun həyat və fəaliyyətində söz və əməlin vəhdəti, vətənə bağlılıq və milli dəyərlərə sədaqət əsas yer tutur. Bu səbəbdən o, həm nümunəvi ziyalı, həm də sədaqətli dost kimi tanınır. Tamxil müəllimin şərəfinə yazdığım şeirlə qələm dostumuza cansağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayıram:
Söz yükü çiynində, dərdi dərində,
Qaranlıq çağlara çıraq olubdur.
Tamxil müəllimdir haqqın yolunda,
Müqəddəs saydığı bayraq olubdur.
Onun Kurud kəndi, doğulduğu yurd,
Hələ də qalıbdır düşmən əlində.
Vətənə qayıtmaq arzusu olub,
Çəkir yurdun əzabını belində.
"Bütöv Azərbaycan" olubdu mayaq,
Qəzet bir aynadır xalqın dilində.
Olub " Həkəri " ylə elinə arxa,
Ətri gəlir kəndimin hər gülündə.
Dosta sədaqətli, dəyanətlidir,
Əməli, həm sözü bütöv oğuldur.
Kasıba rəhimli, səxavətlidir,
Yurduna nur saçan elin oğludur.
Sözündə hikmət var, yolunda dua.
Qələmi düşmənə sancılan nida
Şairə göstərir ehtiram, ədəb,
Ona kömək olsun yaradan – Xuda.
Kitab tərtib edib Hafiz Baxışa,
Dahi sənətkarlar ürəklərdədir.
Tamxil qardaşımın xoş əməlləri,
Mahnı tək qəlblərdə, diləklərdədir.
Əməli yazılır sağ çiyni üstə,
Yazdığım sözlərə bir mahnı bəslə.
Sözündə məntiqli, dəqiq ölçü var,
Zəngəzur yurduma gəl məni səslə.
Rauf İlyasoğlu,
“Həkəri” qəzetinin baş redaktoru, şair- publisist .