Bakı Weather --°C
|

Çingiz Abdullayev olmaq mümkün deyil...

12.01.2026 16:51 | 30

İnsanı əxlaqlı edən onun abır və həyasıdır. Abır-həya (da) bir çox gerçəklər kimi kökdən – ulusdan gəlir... Onu Allah bəxş edir. Allahın fövqəl qəlb və işıqlı çöhrə verdiyi insan həyat təməlini bu zəminlə bərkidir. Dayağı möhkəm, mayası halal olanın sonrakı qazancı da elə halallıq olur. Onun getdiyi yolda günah ləpirləri olmaz. Xülasə, Allah xofu ilə yaşayan insanın uğuru da, müvəffəqiyyəti də halaldır, çünki kökündə abır-həya var...

Ağlımız kəsəndən (tez-tez) bəlli bir həqiqətə istinad etmişik: "Allah dünyanı beş-on yaxşı, halal insana görə hələ dağıtmır...". Bu paradoksu bir çox elmi mənbələrdə sezmiş, bir sıra dini məxəzlərdə görmüşük. Əlbəttə, bir insan hamıya eyni şəkildə görünə bilməz. Lakin 5 yaşından 70 yaşına qədər (və ya daha çox yaşa qədər) eyni əxlaqda qalmaq insanın Allahda olması anlamına gəlir. Demək ki, kökü-təməli halallıqla bərkiyən insanın ahıl-müdrik yaşda da çöhrəsindən abır-həya tükənmir...

Yazımıza bu tərzdə başlamağımız oxşar zərurətdən irəli gəlir. Çünki haqqında fikir cücərdəcəyimiz şəxs də hazırkı yaşına qədər şöhrəsindən əxlaq, təbəssüm, işıq və halallıq əskik olmayan insandır. Onun İNSAN ziyasında təcəssüm edən hər şey işıqlı və pozitivdir...

Yazımızda hədəf seçdiyimiz Baş Obraz Azərbaycanın usta detektivi, nasiri, publisisti, Xalq yazıçısı, hüquq elmləri doktoru (və s.) Çingiz Abdullayevdir. O, bizə dünyanın bir çox ölkələrindən görünən parlaq İşıqdır. Etiraf edək, biz onu sadə bir detektiv yazıçı kimi təqdir etdiyimiz halda dünya insanları (oxucuları) onu tütyə kimi qəbul edir, əsərlərini ac gözlə oxuyur, həyata bağlanırlar və s. Çingiz Abdullayevin adı gələndə onların çöhrələri gülür, vücudları işıqla dolur, onu istisinə qızındıqları Günəş sanırlar... Bu, bir həqiqətdir, ünsiyyətdə olduğumuz xarici oxucular onu düşündüyümüzdən daha artıq sevirlər...

Bəs bizim üçün Çingiz Abdullayev kimdir? Əlbəttə, bir çoxlarımız üçün sadəcə, detektiv janrda yazan bir yazıçıdır, daha çox insan üçün isə imkanlıdır deyə kitablarını ölkəmizdə və xaricdə nəşr etdirən bir qələm adamıdır... Səmimi deyək ki, biz buyuq. (Atalar sözünə uyğun), öz içimizdən pərvaz edən Nəhəngləri adi ölçüdə görürük... Bu, bizim xislətimizdir. Ancaq xarici ölkə insanları Çingiz Abdullayevi heç bir miqyasa sığışdırmır...

Bilirik ki Çingiz Abdullayev ədəbi fəaliyyətə tələbəlik dövründə başlayıb, dövri mətbuatda dərc etdirdiyi oçerk, məqalə və detektiv janrda hekayələri ilə daim xüsusi diqqət çəkib. Ən əsası, o, indi yeganə azərbaycanlı yazıçıdır ki, rus dilində psixoloji və siyasi detektiv janrında əsərlər yazır, bununla dünyada yeni ədəbi seqment qurur. Bu gerçək fövqün ilk epik notları yazıçının "Vals", "Bir tikə çörək" hekayələri ilə nisbət tapıb, sonradan "Mavi mələklər", "Əclafların qanunu", "Əclafların əqidəsi", "Əclafların vicdanı" trilogiyası və s.-lə daha dolğun şəklə düşüb. Bəs necə olur ki, bunu biz yox, (daha çox) xarici elm-ədəbiyyat adamları ərz edirlər? Ya biz Çingiz Abdullayev ədəbi fövqünə qalxa bilmirik, ya da bunu paxıllıqdan etmirik. Zənnimizcə, başqa səbəb yox...

Bəlli ki, Allahın mövcud bildiyini insan yox saya bilməz. Bu zəmində Çingiz Abdullayevə atdığımız daşların heç biri ona dəymir... Onu Allah Çingiz edib, onu Allah dünya ədəbi dərkinə sığışdırıb, insan kimdir ki, Çingiz Abdullayev nəsrində fəhmə sığan daxili istilaları zahiri təbəddülatla silsin?

...Bir insanı öz ana dilini bilməməkdə suçlamaq əslində, (qismən) doğru haldır. Lakin bir həqiqəti bilməliyik ki, mühit və şərait insanı hansı yöndə daha çox təqib edirsə, o da həmin səmtdə daha çox fikir formalaşdırmaq məcburiyyətində qalır. Yəni Çingiz Abdullayevi Azərbaycan dilini doğru-dürüst bilməməsi səbəbindən qınayırıqsa, onda Nizamini, Füzulini, Nəsimini, hətta yaxın dövrümüzdə yazıb-yaradan Seyid Əzimi fars dilində yazdıqlarına görə ümumiyyətlə topa tutmalıyıq... Ancaq onların yaşadıqları dövrə, aludə olduqları mühitə diqqət yetirəndə, fikrimizdən daşınmalıyıq...

Ümumən, bu gün Çingiz Abdullayevin əsərlərini əsasən rus dilində yazması, dediyimiz kimi, onun aid olduğu mühitdən çox asılıdır. Bütün hallarda o, Azərbaycan yazıçısıdır, azərbaycanlıdır, əsərlərində də bir Azərbaycan sevgisi var...

Bizə əslində, Çingiz Abdullayevin dünya ədəbi fövqünü necə ram etməsi vacibdir. Yəni bu gün xarici ölkələrdə “Çingiz Abdullayev kimi möhtəşəm bir yazıçı Azərbaycanlıdır...” deyilirsə, bu, birinci növbədə ölkəmizin adına yazılır, bizə də şərəf və fəxarət gətirir... Bu, bizim vətəndaşlıq hissimizdə sevinc notları kimi ehtiva etməlidir... Əks təqdirdə düşməndən heç bir fərqimiz yoxdur.

Özgəni (xarici yazıçıları) tərif etmək, yazılarımızda özgədən sitat gətirmək bir çoxumuzun adətidir. Daha fərqinə varmırıq ki, dünyanın ən qabaqda gedən detektiv yazıçıları Çingiz Abdullayevin "Qaranlıq simfoniyası", "Dronqo", "Günəş altında qaranlıq" və s. romanları kimi roman yaza bilmirlər – bunu özləri də etiraf edirlər. Məsələn, fransız yazıçılar Çingiz Abdullayevin Fransada nəşr edilmiş "İdeal hədəf", "Bütlərin yükü" və "Öldürməyə öyrədilmiş" romanlarını elə təqdir edirlər ki, heyrətdən ağızları açıq qalır. Amma bu hal bizim tükümüzü belə tərpətmir.

Eləcə də Çingiz müəllimin latış dilində işıq üzü görmüş "Tənha ürəklərin evi", "Tərsinə çevrilmiş reallıq", "Qurban sindromu", "Alliqator xətti", "Həvəskarların arzusu", yaxud da Bosniya və Herseqovinada nəşr olunmuş "Minillikdə bir dəfə" və "İcazə verilən səhv" əsərləri orada misilsiz möhtəşəmliklə ehtiva edir.

Çingiz Abdullayevin əsərləri əsasında çəkilmiş serial, bədii serial və tammetrajlı bədii filmlər də eyni çalarda, eyni ovqatda məna tapır.

Əsl gerçək budur; Çingiz Abdullayev Azərbaycanın ən tanınmış yazıçılarından biridir, həm Azərbaycanda, həm də xarici ölkələrdə böyük populyarlıq qazanıb. Onu sırf detektiv yazıçı adlandırmaq doğru olmaz, çünki onun dərin mənəvi və sosial siqlətli əsərləri də az deyil. O, ədəbiyyatımızın canlı klassiklərindəndir, buradakı və dünyadakı yerini qoruyur.

Çingiz Abdullayevin detektiv romanları unikal üslubu və mürəkkəb süjet quruluşu ilə (tam mənada) fərqlənir. O, əsərlərində əsasən ədalət, hüquq, cinayət və insan psixologiyası üzrə sistemli hüdudlar müəyyən edir, oxucuda həyata doğru yönü – səmti aşkar göstərir. Məlumat üçün deyək ki, yazıçının “Qırmızı Zəngin Gizlədilməsi”, “Nyu-Yorkdan Sevgililər”, “Əbədi Sükut” və “İblisin Süqutu” kimi romanları məhz oxucunu əsl insan olmağa məcbur edir, onu Draqon kimi olmağa həvəsləndirir.

Çingiz Abdullayevin Azərbaycan ədəbiyyatına verdiyi töhfələr saysızdır, bu töhfələr ədəbi tariximizin misilsiz yaddaşına çevrilir.

Xülasə, Allahın diqtəsi insanın qanmadığı nəsnədir. (Bu mənada) Çingiz Abdullayev Allahın Azərbaycanın Ədəbiyyat Məbədinə diqtəsidir...

Təbii ki, gənc yaşda bəşəriyyətin ədəbiyyat fövqündə yer tutmaq (da) hər adamın işi deyil. Ədəbi yazıları ilə dünya oxucularını heyrətləndirmək (də) hər yazıçıya müəssər olmur. Bu, o anlama gəlir ki, (bütün hallarda) Çingiz Abdullayev olmaq mümkün deyil...

Hikmət Məlikzadə

Daha çox xəbər