Ədəbiyyat fövqündə görmədiyimiz GÜNƏŞ
Dəfələrlə demişəm, insan əxlaqlı olanda, səsini çıxarmayanda, bir növ, “mən də varam” deməyəndə, ona lazımi mərtəbədə yer olmur, onu ancaq elə kənar təsirlər əhatə edir, belə deyim, abır və həyası başına “bəla” olur... Bunu hansı anlamda dedim, özümə də, haqqında söz deyəcəyim şəxsə də bəllidir...
Bir çox gerçəklər kimi abır-həya da kökdən – gendən, ulusdan gəlir... O, Allahın insana bəxşişidir. Allahın fövqəl qəlb və işıqlı çöhrə verdiyi insan həyat təməlini bu zəminlə bərkidir. Dayağı möhkəm, mayası halal olanın sonrakı qazancı da elə halallıq olur. Onun getdiyi yolda günah ləpirləri olmaz. Allah xofu ilə yaşayan insanın uğuru da, müvəffəqiyyəti də halaldır - halallıqdır...
Mən, bu yazıda abır-həya mücəssəməsi, halal insan Zahid Sarıtorpaqdan bəhs edirəm. Onunla ilk dəfə doqquz yaşımda qarşılaşdım. Uşaq da olsam, həmin an Zahid müəllimin çöhrəsində saf bir utancaqlıq, təmiz bir həya gördüm...
İndi aradan on illər keçib. Ancaq Zahid müəllimin üzündən həya pərdəsi qalxmayıb. Bu qəlbi nur Kişinin 70 yaşına iki qapı qalıb. Allah ömür versin, sözsüz ki, o, əzrayılın da əlini elə abır-həya ilə sıxacaq.
Zənnimcə, eyni-dəyişməz əxlaqda qalmaq insanın Allahda olması anlamına gəlir. Demək ki, kökü-təməli halallıqla bərkiyən insanın ahıl-müdrik yaşda da Allah içində olur...
Zahid Sarıtorpağın İNSAN ziyasında təcəssüm edən hər şey işıqlı və pozitivdir... Onda Xaqani tərzi, Nəsimi ləngəri, Seyid Əzim pafosu, Sabir əzəməti, Hadi mükəmməlliyi... var. Xoşbəxtəm ki, belə bir Azmanın şagirdi olmuşam. Bəxtəvərəm ki, şeirlərimin üzərində (indi də) onun kimi bir söz Fatehinin nəfəsi var!
Zahid Sarıtorpaq (hətta) çox-çox uzaqlardan görünən parlaq İşıqdır. Biz cəmiyyət insanları ona adi gözlə baxırıq, bəzi ölkələrdə o, tütyə kimi qəbul edilir. Biz onun şeirlərinə sıradan bir şeir mənası veririk, xarici ölkə oxucuları onun əsərlərini ac gözlə oxuyur, həyata bağlanırlar. Mən bunun şahidiyəm.
Bəzən Zahid Sarıtorpaq adı gələndə bir çoxumuz paxıllıq girdabında köz oluruq, ancaq əcnəbilər onun adını eşidəndə çöhrələri gülür, vücudları işıqla dolur, onu istisinə qızındıqları bir Günəş sanırlar... Bu, bir həqiqətdir, ünsiyyətdə olduğum xarici oxucuların təbirində bunu da aşkar görmüşəm.
Bəs (əslində) Zahid Sarıtorpaq bizim üçün kimdir? Əlbəttə, çoxlarımız üçün sadəcə, bir şairdir. Əslində isə Ədəbiyyat fövqündə görmədiyimiz GÜNƏŞdir...
Təəssüflər ki, biz çox vaxt öz içimizdən pərvaz edən Nəhəngləri adi ölçüdə görürük, yaxud da heç görmürük (və ya görmək istəmirik)... Bu, bizim xislətimizdir...
Nə yaxşı ki, Zahid Sarıtorpağı heç bir miqyasa sığışdırmayanlar da var...
Ha çalışaq, ha cəhd edək, Allahın mövcud bildiyini yox saya (yox edə) bilmərik. Bəlli ki, atdığımız daşların heç biri Zahid Sarıtorpağa dəymir... Çünki onun içində o vaxt da, indi də silinməz bir Allah sevgisi var.
Görün, Zahid Sarıtorpaq Azərbaycan ədəbi fövqünü necə ram edib. Onun bir-birindən dəyərli əsərləri ədəbiyyatımızın, poeziyamızın adına yazılır, bizə də şərəf və fəxarət gətirir... Biz də bunu vətəndaşlıq hissimizdə sevinc notları kimi ehtiva etməliyik... Əks təqdirdə düşməndən heç bir fərqimiz yoxdur.
Zahid Sarıtorpaq Allahın olanı öz adına çıxmır. Yəni o, hədsiz fəlsəfi qəlibli şeirlərini “mən yazdım” demir, “bunu mənə Allah verdi” deyir. Onun təşəkkür mənbəyi Allahdır.
Gözlərimiz yaxşı görsə, bizə aydın olar ki, Zahid Sarıtorpaq Azərbaycan ədəbiyyatına saysız, ədəbi tariximizin misilsiz yaddaşına çevrilən töhfələr verib. Mən o töhfələrdən birini təqdim edirəm:
Kim dedi ki, gözlərində
ölənləri eş çıxar?!
Ruhun dinclik tapmasa,
iş içindən iş çıxar...
Öz yaxan, öz əlindisə,
Yazılanlar silindisə…
Sevgin öldü... gəl indi sən
bu dünyadan baş çıxar...
Eşsən də, bir əlac olmaz,
Heç bir yana yol açılmaz.
Yer uçulmaz, göy uçulmaz,
Can bədəndən sərxoş çıxar...
Səmimi deyin, bu şeirin gücü (bütün) Avropa, dünya şeir mülkünü silkələməzmi? Bu şeirdə olan fəlsəfi çəki hansı birimizin şeirində bərqərardır? Bu şeirin içində kim var, nə var, bilirsinizmi? Bu şeirin bədii yükünü hansı köç apara bilər? Çox sual verə bilərəm. Əsas odur ki, bu üç bəndlik səkkizlikdə (gəraylı tipində) beş-on kitablıq ədəbi qayə var...
Allah səni qorusun, Zahid Sarıtorpaq! Nə yaxşı ki, varsan! Nə yaxşı ki, mənim ustadımsan! Allah imkan versin, iki il – iki qapı sonra 70 yaşına içimdə sirr kimi saxladığım kitabı yetişdirə bilim.
Hikmət Məlikzadə,
Şair-tədqiatçı