“Xələflini bir sevgi dan üzünə çağırır”

(Bəlli ki,) söz öz vəslinə yetəndə məna da, məzmun da o miqdarda oblast tapır. (Bu mənada, bu məzmunda) sözü batinə sığışdırmaq (isə) zənnimizcə, bir qəhrəmanlıqdır. Tərəddüdsüz, etiraf edək ki, bizim tanıdığımız Əli Rza Xələfli də (bu qəbildən) bir fatehdir. Əlbəttə, onu zər-zibaya bükməyə qəti (zərrə) ehtiyac yoxdur. Çünki o, haqqında deyəcəklərimizdən bir-iki boy yuxarıda təcəlla edir...
Əli Rza Xələflinin 2024-cü ildə “Gənclik” nəşriyyatında işıq üzü görmüş “Xəzanda yaz gülləri” adlı (xatirə-poema) kitabı da onun batini mənada şüurdan yuxarıda ovqat tapmasına bir sübutdur. Təbii ki, bizim bu kitabı təhlil etmək, oradakı ədəbi nüanslara diqqət çəkmək fikrimiz yoxdur; yazı boyu çalışacağıq ki, sinəsi gövhərdən əskik olmayan bulaq, ruhu bəmbəyaz saflıqdan tökülmüş təmtəraq kimi cuşa gələn bu Fövqəl Kişini olduğu kimi təqdir edək, onun ədəbi nəzərlərinə dürüst yanaşaq...
Əli Rza Xələfli sakit çağlayan, əslində ani bir təsirdən təlatüm qopardan, lərzəsi ilə ətrafı süst baxışlara qərq edən, bəzən də yerlə-göylə cəngə çıxan səyyahdır, bir gözü daxildəki vücudu arayır, digəri aşkardakı surətə fəhm verir. Onun diqqətindən nəyisə qaçırmaq, yaxud nəyisə ona yad libasda təqdim etmək qeyri-mümkündür. O, sərrast atıcı kimi bütün hədəfləri dəqiq görür. Bəlkə də dünyada söz müharibəsi başlasa, o, (tək başına) öz qələm-snayperi ilə milyonlarla “mən” deyəni sıradan çıxarar. O, buna qadirdir!
Əli Rza Xələfli özü iti (bir) yaddaşdır. Onun “Xəzanda yaz gülləri” kitabı da elə (bir) yaddaş salnaməsidir. Lakin müəllif yeni kitabındakı yaddaşdan daha müfəssəldir. Çünki o, burada (belə deyək) çox mənada özünü təqdir və ifadə edir, “mən” deməyə cəhd etsə də, əslində, “mən” prosesini real təsəvvüfdə açır. Bu rakursdan, biz kitabda özündənrazılıq həddi görmürük, sadə timsalda nəhəng ideyalarla çarpışan yorğun-sürətli bir uzman Dədənin dürüst fəhmi ilə qabaq-qənşər oluruq. Bizə elə gəlir ki, kitabda obraz kimi səciyyələnən Sədi elə Əli Rza Xələflinin özüdür...
Əli Rza Xələfli təfəkküründə dünya geniş ərazi, insan nəzərdən uzaq fərddir. Zaman öz sürət qatarını nə vaxt yubadırsa, yalnız o an həyat eşqi ürəyi sara bilir. Elə adıçəkilən kitabda qənaət müəyyən qismdə budur. Baş Obraz – Lirik Mən bütün situasiyalarda zahiri deyil, daha çox batini məzmun kəsb edir.
Əlbəttə, insanın özü haqqında (pafosla, pəhə-pəhlə) nəsə deməsi cəmiyyətdə bir qədər absurd qəbul olunur. Ancaq insanın özü haqqında nəsə deməməsi də haqqa, həqiqətə yaddır. Xaqani “Mən əcəm türküyəm – Allah istəyən” dedi, qınandı, Nəsimi “Ənə-əl-həqq – Mən Allahdayam, Allah məndədir” dedi, tərki-vətən etdilər, Füzuli “Mən gövhərəm, özgələr xiridar” dedi, dəli dedilər, Seyid Əzim “Heyrət, ey büt...” dedi, dostluğa salıb düşmənçiliklə öldürdülər, Sabir “Bənzərəm bir qocaman dağa ki...” dedi, ürəyini çərlətdilər, Hadi “Cahana gəlmədən məqsəd nədir insana, bilməm ki...” dedi, qovdular, qışın qız vaxtı (Gəncə çöllərində) qurda-quşa yem oldu, ancaq cəmiyyət tükünü belə tərpətmədi ki, bu axsaq, bu cahil, bu nankor qövm o boyda (o böyüklükdə) fövqəl şəxsiyyətləri nə üçün zəlil edib...
İndi də Əli Rza Xələfli özü haqda (cüzi) nəsə demək istəyir, görək küt, cahil şəxslər onu hansı bəhanənin kötüyü üstündə edam edəcəklər? Allah qorusun!
“Xəzanda yaz gülləri” ərz edir:
...Xələflini bir sevgi dan üzünə çağırır,
Təzə səhər açılır, baxtımın baxtı, salam.
Dan üzünə fövqəl surətlər çəkilə bilər. Dan üzü işıqlı çöhrələrdə qızartı verər. Sadə-müti görkəmdə adamı heç ithürən səmtlər də çəkməz. Bu mənada, Əli Rza Xələflinin özü haqqında söz deməyə hərtərəfli haqqı çatır.
Hərdən bizə elə gəlir ki, Əli Rza Xələfli üç səmtdə qərar tutub: gah buludlardan bir boy yuxarıda axtarışdadır, gah yerin altındakı bizə qeyri-bəlli ilğımlara söykənib, gah da aramızda bir insan surətində var-gəldədir. Hər üç halda o, təbiidir, inandırıcı xüsusiyyətlərə, heyrətedici fəhmə malikdir. Ən çox da Allahın məqbul saydığı söz fatehidir. Bütün “döyüşlərdən” üzüağ, alnıaçıq, həm də itkisiz qayıdır. Bu mənada, əminik, yüz, bəlkə də iki yüz il sonrakı nəsil Əli Rza Xələflini Rumi, Sədi... kimi təqdir edəcək, onun ədəbi bəlağətindən min cür cövhər götürəcək. Elə Əli Rza Xələfli də öz nəzər-diqqətini məhz o nəslə yönəldib; çünki müasir (indiki) nəsil üçün söz (çox halda) vecsiz təlatümdür...
Belə olmasaydı, Əli Rza Xələfliyə çoxdan heykəl qoyulmuşdu.
Biz sözü tez-tez sabit qılır, sözə (Füzuli demiş) tez-tez ehya veririk ki, ruh bizim bətnimizdə sağlam fəhm qurur. Zənn edirik ki, “Xəzanda yaz gülləri” kitabındakı quruluş da, ədəbi çırpıntı da, epik-lirik hiss də, ən əsası, qaynar yaddaş da bu fəhmdən qida alır.
Hikmət Məlikzadə