Bakı Weather --°C
|

Repressiya aparatını “əridən” sevgi

15.01.2026 16:28 | 24

La Fayedən Murğuzallıyadək uzanan yol, yaxud tarixə bələdçilik etmiş qadın...

4 iyul 1928-ci ildə Monakonun "Prince Albert" xəstəxanasında İvon Botto adlı, cinsi qadın olan bir uşaq doğulur. Atası italiyan, anası fransız idi. Həmin vaxt bottolar ailəsi Fransanın Annesi şəhərində yaşayırdılar, üç il sonra Passi şəhəri yaxınlığındakı La Faye kəndinə köçürlər. Tale elə gətirir ki, bu qız 1947-ci ildə İmişlinin Murğuzallı kəndinə gəlib çıxır. Bu başıbəlalı qadının həyat hekayəsi maraqlı olmaqla yanaşı, son bir əsrdə dünyanın böyük bir parçasında baş verən mühüm ictimai-siyasi hadisələrə işıq salır.

Fransanın azadlığı üçün vuruşmuş azərbaycanlı

İkinci Dünya Müharibəsində Fransa eyni vaxtda həm Almaniyanın, həm də İtalyanın hərbi müdaxiləsinə məruz qalmış, ölkə parçalanmışdı. Bottoların yaşadığı Ot-Savua departamentinə əvvəlcə italyan, ardınca isə alman ordusu daxil olub. Qəhrəmanımız o illərdə küçələrindən keçən hərbi maşınları, əsgərlərin bostanlarından tərəvəz yığmağını xatırlayırdı: “Belə şəraitdə də idarə və müəssisələr, məktəblər, kinoteatrlar, dükanlar işləyirdi. Hərbçilərin dinc əhali ilə işi yox idi. Yalnız partizanlara kömək edənlərə, onları evində gizlədənlərə divan tutulurdu.”


Bu dövrdə yaranan, Alp və Mon Blan dağlarında düşərgə quran, Böyük Britaniya hökumətinin silah-sursatla, yerli əhalinin isə qida ilə təchiz etdiyi Milli Müqavimət Hərəkatının sıraları genişlənməkdə idi. Fransız partizanların arasında faşistlərin əsir düşərgələrindən qaçmış xeyli sayda əcnəbi, o cümlədən azərbaycanlılar da vardı. 16 yaşlı qızın ağlına da gəlməzdi ki, bircə il sonra bu partizanlardan biri onun həyatını büsbütün dəyişəcək. Həmin partizanın Fransa torpağına gəlib çıxmasının da qəribə tarixçəsi var.
Şəmməd Şirməmmədov 1921-ci ildə İmişli rayonunun Murğuzallı kəndində doğulub. 1939-cu ilin mayında hərbi xidmətə çağırılıb. Evə yollanacağı gün- 1941-ci ilin iyunun 22-də müharibə başlayır və onun xidmət etdiyi Rava Ruska şəhəri almanlar tərəfindən tutulur. Bir müddət o, əsir düşərgəsində saxlanılır. Almanlar sovet torpağından çıxarılmağa başlanılanda əsirlər başqa yerə köçürülür. Şəmməd və daha bir neçə azərbaycanlının daxil olduğu 325-ci düşərgədəki əsirlər 1944-cü ilin fevralında qatarla İtaliyaya yola salınır.

Amma azərbaycanlılar, habelə daha bir neçə fransız və belçikalı əsir aparıldıqları vaqondan deşik açaraq Fransa ərazisində özlərini hərəkətdə olan qatardan yerə atırlar. Bir neçə gün sonra onlar fransız partizanlarla rastlaşır və Müqavimət Hərəkatının tərkibində faşistlərə qarşı vuruşa başlayırlar.

Sevginin dili olmurmuş…

“Mən çox yaxşı ibtidai təhsil almışdım. Parisə gedib ali təhsil almağıma valideynlərim razı olmadı. 1943-cü il, müharibənin ən şiddətli dövrü idi…”
İvon nənə üstündən 45 il ötəndən sonra xatirələrini bizimlə bölüşürdü. 88 yaşlı qadın hər şeyi yerli-yataqlı elə danışırdı ki, sanki bunlar son günlərdə olub: “Müharibə bitəndən sonra Şəmməd, həmkəndlisi Ayaz və daha 6 nəfər bizə yaxın olan silah zavodunda işə düzəlmişdi. Atam da bu zavodda işləyirdi. Bir gün onları evimizə qonaq dəvət etdi. Şəmmədlə tanışlığımız da buradan yarandı.”


Bundan sonrakı vaxtlarda da keçmiş partizanlar tez-tez bu evin qonağı olurlar. Nənə deyirdi ki, ölkələrinin azadlığı üçün vuruşduqlarından ailəsi bu gənclərə xüsusi qayğı ilə yanaşıb: “Evimizdə geniş stol açılırdı. Hamımız onun arxasında əyləşib yeyib-içir, şirin söhbət edirdik. Anam onların çirkli paltarlarını yuyur, ütüləyirdi.”
Bir müddət sonra Şəmməd özündən 7 yaş kiçik olan gənc qıza vurulur. “O, fransızca yaxşı danışa bilmirdi. Amma demə heç sevginin dili olmurmuş. Çox yaxşı adam idi. Toyumuz 1947-ci ildə elə bizim evdə oldu. Üstündən az keçəndən sonra məni götürüb Vətəninə gətirdi.”

“Ərimi sürgündən güclə qurtardım”

Onlar düz iki ay yük vaqonunda yol gəlirlər. Ölkələrdən, şəhərlərdən keçirlər. Bəzi yerlərdə dəmir yolu xətləri dağıldığından, qatar günlərlə dayanır, yolun bərpa edilməyini gözləyirlər. “Düz 55 vaqon dolusu adam idi. Moskvaya çatan kimi bir neçə nəfər istisna olmaqla, onların hamısı sürgün olundu. Əsir düşmüş, başqa ölkədə sığınacaq tapmış adamlara xain kimi yanaşırdılar.”


İvon nənə deyirdi ki, onun ərini də Sibirə sürgün edəcəklərmiş. Amma gənc qadın sovet komissarına yalvarıb ərinin buraxılmağını, bu, mümkün olmazsa, onunla bir yerdə sürgünə göndərilməyini xahiş edib. Bu böyük sevgi totalitar rejimin repressiv aparatını da susdura bilib- onlar sərbəst buraxılıblar.

Sovet hökuməti ananın qızı ilə görüşünə icazə verməyib

Demə görəcəkli günlər qabaqda imiş. Gənc qadın sanki sehrli xalat geyinib bir əsr keçmişə düşmüşdü. Qaradonlu dəmir yolu vağzalından Murğuzallı kəndinə kələ qoşulmuş araba ilə gedirlər. Kərpicdən tikilən, döşəməsi olmayan, çıraqla işıqlandırılan, çır-çırpı ilə qızdırılan bir evdə yaşamağa başlayırlar. Bu da kommunizm “cənnətməkanı”: gecələrin zülmət qaranlığında çaqqal ulartısının başına götürdüyü, qışda palçığın dizə çıxdığı, yayın istisində ağcaqanadların “at oynatdığı”, tibb məntəqəsinin olmadığı, səhranı xatırladan bir yer…


“Şəmməd elə kənddə həkim, xəstəxana olmama səbəbindən öldü. Qəfil özünü pis hiss etdi. Heç bilmədik dərdi nədir. Vəziyyəti ağırlaşanda qohumları onu ən yaxında olan həkimxanaya apardılar, iki gün sonra cənazədə qayıtdı”- İvon nənə qəhərləndi, yaylığının ucunu gözlərinə sarı apardı...

Yad yerdə bir yaşlı uşaqla tək qalan qadın öz ölkəsinə qayıtmaq istəyir. Amma onun qarşısında şərt qoyulur: “Uşağı özünlə apara bilməzsən. Çünki o, sovet vətəndaşıdır.”

Ana övladından ayrılmaq istəmir və zorən bu ölkədə yaşamalı olur. Onu qarşıda məşəqqətli illər gözləyirdi:
“Məktəbdə xadimə işinə düzəlmişdim. Eyni vaxtda kolxoza üzv olub pambıq becərirdim. Məktəbə də, tarlaya da uşaqla gedirdim. Aclıq illəri idi, doyunca yeyəcək qədər çörəyimiz olmurdu. İçməli suyu çaydan güyümlə kürəyimizdə daşıyırdıq. Su da yaz-yayda bulanıq olurdu...”
İvon nənənin deməsinə görə, anası onu görmək üçün bu ölkəyə gəlmək istəyib, dəfələrlə sovet rəhbərliyinə müraciət edib. Amma ölkənin sirri dağılmasın deyə ananın qızı ilə görüşünə icazə verilməyib:
“Biz yalnız məktublaşa bilirdik, şəkil çəkdirib bir-birimizə göndərirdik. Anam “posılka”da uşağım üçün geyim, oyuncaq əşyalar, məktəb ləvazimatları və kitablar göndərirdi. Deyim ki, ayaqda qalmağımda bu yardımlar böyük rol oynayıb.”
İvon nənə deyirdi ki, ailə üzvlərimin heç biri ilə görüşmək ona müyəssər olmayıb. Doğulduğu yerə ayağı bir də 64 ildən sonra- 2011-ci ilin oktyabrında dəyib.

“Kəbin kağızında adım “Aminə” qeyd olundu”

Şəmmədin ölümündən 4 il sonra İvon xanım mərhum ərinin əmisi oğlu Şirməmmədlə ailə qurub və ondan da 6 uşağı olub. 2015-ci ilin martında həmin əri də vəfat edib. İvon nənənin 7 övladı, 30 nəvəsi və 28 nəticəsi var idi. Onun Fransa prezidenti ilə görüşündən və bu ölkəyə səfərindən sonra barəsində xarici mediada da məqalələr dərc olunub, verilişlər hazırlanıb, hətta kitab yazılıb, film çəkilib.
O, bura gələn vaxtdan müsəlmanlığı qəbul etdiyini deyirdi: “Biz kəndə gecə gəlib çıxmışdıq. Səhər açılan kimi məni axundun yanına apardılar, müsəlmanlığı qəbul etdim və şəriət qaydalarına uyğun kəbinimiz kəsildi. Hətta adımı da dəyişdirib “Aminə” qoymuşdular. Amma məni bu adla çağıran olmadı.”

Ailə üzvləri deyirdilər ki, evdə daha çox onun duası eşidilir, nəziri qəbul olunurdu. Buna görə də işi düyünə düşənlər “Allahın əziz bəndəsinin” üstünə qaçırdılar.

Torpaq torpağa qarışıb

İvon nənə Fransaya səfərindən qayıdanda özü ilə torpaq gətiribmiş. Amma onu evdə çox saxlamayıb: “Dedilər bunun düşər-düşməzi olar. Bir də istəmədim ki, doğma torpağım da bağlı yerdə, əsir kimi qalsın. Tökdüm həyətə, torpaqlarım bir-birinə qarışdı.”
İvon Botto-Şirməmmədova 2018-ci ilin yanvarın 24-də Murğuzallı kəndində vəfat edərək özü də bu torpağa qarışdı...

Azər Əli

Daha çox xəbər