Məhəmməd Abdullayev Bəzi adamlara ismarıc...

Bu, bizim kəndimizdir
I.
Əhmədli - Şahvəlli elinin tarixindən danışarkən ilk növbədə onu qeyd etmək lazımdır ki, bu elin tarixi Hacıqaramanın Qarabağa gəlişindən çox - çox əvvəllərə təsadüf olunur. Mənbələrin verdiyi məlumata əsasən, Hacıqaraman 1495-çi ildə Qarabağa köç edib və hacıismayıllı (Şahvəlli) Yetər adlı qızla ailə qurub . Faktlara əsasən, israrla deyə bilərik ki, Əhmədli - Şahvəlli elinin tarixi 15 - ci əsrdən lap əvvəllərə təsadüf olunur. Bu el min evdən ibarət olub. Ona görə də, "Min evli Əhmədli" kəlamı günümüzə qədər yaddaşlardan silinməmişdir. Əhmədlinin tarixindən danışarkən Şahvəlli ərazisində yerləşən "Qara su"dakı sirli küp qəbirlər də əyani sübutdur. Əfsuslar olsun ki, arxeoloqlar, tədqiqatçılar, aidiyyatı orqanlar bu küp qəbirlər haqda hələ də araşdırma aparmayıblar və sirr olaraq qalır. Bu qəbirlər onu deməyə əsas verir ki, həm Əhmədlinin tarixi qədimdir, həm də onların əksər hissəsi "Qara su" adlanan ərazidə məskunlaşmışlar. Bu ərazidəki məişət küpləri Əhmədli elinin kompakt yaşayışından xəbər verir. Burada əkin zamanı həm qırıq, həm də bütöv şəklində çoxlu sayda xırda və iri küplərə rast gəlmək olurdu.
Əhmədlilərin ərazisi də həddindən artıq geniş olub. Qoşabulaq kəndinin sakini - Malikəjdər kişi söhbət əsnasında deyirdi ki, "Babam Şuşada bir nəfərlə həmsöhbət olur və haralısan; deyə müraciət edir. Babam deyir ki, tanımazsan! Şuşalı əl çəkmir. Nəhayət, babam deyir ki, Əhmədlidənəm. Şuşalı bir də soruşur ki, Araz qırağı, yoxsa, Qızılqaya "Əhmədli"?
Bildiyimiz kimi Xudafərin körpüsü Şahvəlli kəndinə çox yaxındır. Bu körpü bir tərəfdən əlverişli sayılsa da, digər cəhətdən əhmədlilərin dinc yaşamasına əngəl olmuşdur.
II.
Belə ki quldur, qaçaq, mənəm - mənəm deyən şahlar bu körpüdən keçərək ətraf kəndləri talan və işğal ediblər. Şahlar, sultanlar ayrı - ayrı illərdə Qarabağa hücum edərək qarabağlılara divan tutmuşlar. Sözsüz, birinci növbədə Arazqırağı kəndlərə ziyan dəymişdir .Hörmətli eloğlumuz Ənvər Çingizoğlunun fikrinə əsasən, 1588 - çi ildə Osmanlı ordusu Qarabağa hücum edir və Əhmədalılar sünni olduqlarına görə güzəşə gedir, razılaşma əldə olunur. Əhmədlilər Osmanlı ordusuna tabe olurlar. 1606 - cı ildə isə şah Abbas Qarabağa yürüş edib buranı ələ keçirir. İşğalla barışmayan fəallara, Əhmədli elinin başçılarına divan tutur. 9 il sonra - 1615 - ci ilQarabağ və şirvan əhalisi 1 Şah Abbasın köçürmə siyasətinə qarşı qiyama qalxırlar. Lakin qiyam amansızcasına yatırılır. Həmin il əhmədlilərin bir hissəsi Mazandarana sürgün edilir. Və 1000 evli Əhmədli parçalanır. 18-ci. əsrə aid qaynaqlarda Əhmədli kənd şəklində qeyd olunub. Kəndin yüzbaşısı - Məhəmməd ağa Maqsud ağa oğlu isə kəndi idarə edib. O cümlədən kənddə bir neçə adlı - sanlı ağalar mövcud olub: Məlik Vəli bəy hacı Xəlifə oğlu Əhmədli , Seyid Məhəmməd ağa şeyx Məhəmmədəli ağa oğlu, Vəli bəy, Hacı Həsən, Möhbəli, Nəbi və Şeyx Murad Əhmədli. Burada Vəli adına tez - tez rast gəlirik. Onlar ağalar içərisində Maddi cəhətdən xüsusilə seçilirlər . Mənbələrdə yazırlar ki, "Məlik İsa Məlik Yeqan oğlu (1738) 5 qışlağı 153 tümənə Vəli çələbi Məhəmməd çələbi oğlu Əhmədliyə satdı". Digər bir məlumatda isə: "Rəhm bəyin arvadı - Şərəf xanım Mahmudxan və Çəngəl adlı yataqları Məlik Vəli bəy Əhmədliyə ( 1741) 150 min dinara satdı". Demək, Vəli bəyin 5 yatağı olub, Sözsüz, o dövrdə sayılan, seçilən adamlardan olub. Bunları deməkdə fikrim ondan ibarətdir ki, məncə, Şahvəlli adı da məhz Vəli bəyin adı ilə bağlıdır.
III.
Yuxarıda qeyd etdiyim kimi istər şahların, istərsə də, rus knyazlarının Qarabağa yürüşü zamanı ən çox əziyyət çəkən Şahvəlli - Əhmədli camaatı olmuşdur. Ona görə də Min evli Əhmədlilər ayrı - ayrı illərdə qaçaraq müxtəlif ölkələrə səpələnmişlər. Hətta Cəbrayıl rayon Qalacıq kəndinin qərbində. yerləşən böyük bir kənd sakinləri (Əhmədli) gecə ikən köçüb getmişlər. Həmçinin Şahvəllidən olan bir qrup ailə də köçərək Xudafərin körpüsünün qənşərində Şəvəli adında kənd qurmuşlar. Yenə tarixə nəzər salaq; Bu eldən Cəbrayılda yaşayan əhmədlilərin ailə sayını əsas götürərək təxmini , 300 ailə İrana, (Mazandaran) 200 ailə Türkiyəyə, (Amasiya) 40 ailə Bərdə rayonuna, (Şahvəllilər) 20 ailə isə Goranboy və Ağsu rayonlarına səpələnmişlər. Onu da qeyd edim ki, İran, Türkiyə və Bərdədə yaşayan qardaşlarımızla indi də əlaqə saxlayırıq . Hal hazırda Cəbrayıl rayonu ərazisində Əhmədli elinin Şahvəlli, Hacı İsmayıllı, Hacı İsaxlı, Yarəhmədli, Qalacıq, Gödəkli, Hayisaxlı, Tatar, Şıxlar və Çələbilər kəndləri mövcuddur. Bu Əhmədlilər öz səmimiliyi, vətənpərvərliyi, qoçaqlığı, gülərüzlülüyü ilə xüsusilə seçilirlər. Əhmədli elindən qopan Şahvəlli obasının adı ehtiramla çəkilir. 9 kəndin inzibati ərazi nümayəndəliyi Şahvəlli adı ilə tanınır. Şahvəllinin igidləri 1-ci və 2-ci Qarabağ savaşında yaxından, qəlbən iştirak etmiş, şəhid və çoxlu sayda qazilərimiz vardır . Belə də olmalıdır. Axı Vətən təmənnasız yaşayış məskənidir. Biz Vətənimizi, öz Şahvəllimizi canıdildən, çox sevirik, uğrunda ölümə getməyə belə hazırıq! Bəli, bu, bizim kəndimizdir!
Sözün ünvanı
Son vaxtlar bəzi adamlar interneti savaş meydanına çeviriblər. Ağızlarına nə gəldi düşünmədən, daşınmadan, sözün fəsadını anlamadan yazırlar. Nə yazırlar, heç özləri də bilmirlər. Ancaq müdriklər deyib ki, “Ay adam, sözü ağzında bişir, sonra çıxart”. Kim olursan, ol, fikir irəli sürəndə ehtiyatlı olmaq çox vacibdir. Axı bu xalqın əsl ziyalısı və qələm sahibləri var. Sənin fikrin onların etirazına tuş gələ bilər. Söz savaşında qarşıdakı adamın çəkisini də nəzərə almaq mütləq lazımdır.
Məqsədim kimi isə tərifləmək deyil , amma bəzi adamlar (piyadalar) islansı. deyə əsl ziyalımız, bənzərsiz qələm sahibi, filosof, publisist, şair və yazıçı - Əli Rza Xələfli haqda mövcud həqiqətləri söyləmək istəyirəm.
Öncə qeyd edim ki, Əli Rza müəllimi yaxından tanıyanlar (ziyalılar) ona “Od parçası” adı veriblər. Ona görə ki, o, nadir insandır, əsl istedaddır. Elmin bütün sahələrinə bələddir. Yetmişə yaxın kitab, minlərlə məqalə müəllifidir. Onunla danışanda (hər sahədə) ehtiyatlı olmaq yerinə düşər, çünki güclü yaddaşa malikdir, sinədəftərdir. O, illərdir "Kredo" qəzetinə rəhbərlik edir, mövzu seçimi qüsursuzdur. Bu qəzetin tirajlarını yan-yana düzsək, Bakının küçələrini örtər.
Tövsiyə edirəm ki, diqqətli olun, ehtyatı əldən verməyin!
