Bakı Weather --°C
|

Əfəndiyevlər

16.01.2026 12:09 | 21

Şamaxıda yüksək əzm və qüdrət sahibi olan soy-kök bağları çoxdur. Onlardan biri də Əfəndiyevlərdir. Mənbələrə əsasən, daha çox Qəbulzadələr kimi tarixi əzm kəsb edən bu nəsil daim yüksək rütbə və vəzifə daşıyıb. Ən çox da şahların, xanların danışan dili, bitkin məna əxz edən köməkçiləri kimi tarixdə yer tutublar.
Əfəndiyevlər - Əfəndilər təkcə Şamaxıda deyil, Azərbaycanda və onun hüdudlarından kənarda da tanınıblar və hazırda da tanınırlar.
Əfəndi(yev)lərin ağır övliya və fitrətli seyid olduqları tarixə yaxşı bəllidir. Bəzən dildə-ağızda seyidlərin Şamaxıya kənar yerlərdən gəlməsi barədə fikirlər də dolaşır, ancaq bu, yanlış bilgidir, çünki Şamaxı dünya yaranandan müqəddəslik ocağı, sözün, səsin, gücün və milli-mənəvi dəyərlərin beşiyi olub.
Ümumiyyətlə, Əfəndilərin qohumluq müstəvisində Həzrət baba, Dədəgünəş baba, Pirsaat baba və digərlərinin qərar tutduğu barədə məlumatlara da rast gəlinir. Hətta belə bir fərziyyə də var ki, Əfəndilərin əsas kök qaynağı İlyas peyğəmbərdir - Xıdır İlyas, Xızır Nəbidir. İlyas peyğəmbər Beşbarmaq dağında, onun soy-kökü olan Əfəndilər isə Avaxılda və qismən də ətraf ərazilərdə mövcud olmuşlar.
Əfəndilərdən olan Hacı Seyidqulu Əfəndidir (1814, Avaxıl k. - 1902, Avaxıl k.). Böyük din xadimi kimi şöhrət qazanıb. Babası Seyidbaba Əfəndi Şirvanda, Şamaxı xanlığı dövründə yaşayıb, dərin dini və elmi bilik sahibi olub. Onların Avaxıl kəndindəki evləri Qoşun, Hoz-hövz, Elat mahalının, Şamaxının şəhər əhalisinin və digərləri tərəfindən daim ziyarət edilib, zaman-zaman bu ev və evlər əsl ziyarətgaha çevrilib.
Hacı Seyidqulu Əfəndi (el içində ona Hacı Seyid Əfəndi deyiblər) ərəb dilini gözəl bilib və Qurani-Kərimin təfsirini verib. Gənc ikən Həcc ziyarətində olub, Külüllüdə Hacı Əhməd Əfəndidən təsəvvüf dərsi alıb, təsəvvüf elmini mükəmməl mənimsəyib.
Bəllidir ki, Şamaxı qəzasının Əngəxəran-Avaxıl cəbhə xətti zaman-zaman düşmən qüvvələri üçün hərbi-strateji əhəmiyyət daşıyıb. Bunun bir səbəbi düşmən qüvvələrin şəxsi maraqları olubsa, digər səbəbi şeytanın Əfəndiyevlər şəcərəsi üzərində xəbisliyi, bu müqəddəs nəslə qarşı barışmazlığı olub.
Tarixdən məlumdur ki, Şamaxı qəzasının Əngəxəran-Avaxıl cəbhə xətti düşmən qüvvələri daim mövqe üstünlüyü qazanmağa sövq edib. Ancaq bu istiqamətdəki yaşayış məskənlərində Əfəndiyevlər kimi seyidlərin, övliyaların olması düşməni çox vaxt məğlubiyyətlə üz-üzə qoyub. Adi bir misal: erməni-rus hərbi birləşmələri tez-tez bu istiqamətə (Dəmirçi-Lahıc və Zarat Xeybəri-Qonaqkənd cəbhə xətti boyunca) silahlı dəstələr yeritməklə Azərbaycan Milli Ordusunun və Osmanlı Türkiyəsinin 5-ci Qafqaz İslam Ordusunun Şamaxı və Quba qəzalarında yerləşdirilmiş hərbi hissələrinə arxadan zərbə vurmaq məqsədi güdüb... Döyüşlərin birində yerli müqavimət dəstələrinə qaçaq Mayıl 600 nəfər atlısı ilə, həmçinin Hacı Seyid Əfəndinin oğlu Ələddin Əfəndi də (1867-1943) qoşulub, şovinist qüvvələrə qarşı cəsarət nümayiş etdiriblər. Belə döyüşlərin ən ağırlarından biri Çuxuryurd kəndi yaxınlığında "Yastan" deyilən yerdə baş verib... Həmin döyüş vaxtı kənd camaatının mistik təsəvvürünə uyğun bir hadisə bu gün də dildə-ağızda gəzir. Ərz olunur ki, kəndin din xadimi, molla Hacı Seyid Əfəndi gözünə görünən və kəndi "üzük qaşı" kimi əhatə edən düşmən qüvvələrini ram etmək üçün yerdən bir ovuc torpaq götürür, torpağı onlara tərəf səpir və şovinist qüvvələr döyüşsüz geri çəkilir... Bu, kimlərəsə sadə bir əfsanə kimi görünə bilər. Ancaq unutmayaq ki, Əfəndiyevlər Allaha sadiq və son dərəcə inanclı şəcərə olub, onlardan hər hansı birinin göstərdiyi möcüzə mümkün hesab edilməlidir...
Ermənilərin Azərbaycanda, xüsusən də Şamaxıda gözləri götürmədiyi nəsil Əfəndiyevlər olub. Onlar hər dəfə havadarları ilə Şamaxıya, xüsusuən də Əfəndiyevlərin olduğu ocaqlara hücum edərkən məyus vəziyyətdə geri qayıdıblar, ancaq alçaq, xəbis əməllərindən əl çəkmədikləri üçün qarşılarına keçəni yandırıblar. Məsələn, Hacı Seyid Əfəndinin torpağı qoşuna sarı üfürməsindən sonra məcburi geri çəkilən ermənilər kəndin atlarını qabaqlarına qatıb kənddən 500 metr aralıda (Sis, Qəleybuğurd kəndləri istiqamətində) "Qarabulaq dərəsi"ndə güllələyiblər...
Yaxın tariximizdən bilirik ki, Osmanl Türkiyəsinin 5-ci Qafqaz İslam Ordusunun Nuru paşanın başçılığı ilə bir heyətinin Şamaxı qəzasında ən ucqar dayanacağı Avaxıl kəndində olub, onlara əsas köməkliyi də Əfəndilər ailəsi edib.
Keçən əsrin 30-cu illərində Şamaxı qəzasında hay-rus birləşmiş qüvvələrinə qarşı 1918-1920-ci illərdə müqavimət göstərmiş yerli özünümüdafiə dəstələrinin üzvlərinə qarşı güclənmiş repressiya-cəza tədbirlərinə tuş gələnlərdən biri Ələddin Əfəndi olub və o, M.C.Bağırovla görüşə bilib. Qarşılıqlı məsləhətləşmədən sonra Bağırov ona deyib ki, səni oradakı ermənilər öldürəcək. Məsləhət görürəm, Bakı şəhərində yaşamağı qərara alasan... Belə də olub. Ələddin Əfəndi Bakıda qərar tutb. Amma faciə bu ailədən yan ötməyib, Hacı Seyid Əfəndinin digər oğlu Xudabəddin Əfəndi 1937-ci ildə sürgün edilib...
Təbii ki, Əfəndiyevlər tarixin əzabları ilə qabaq-qənşər dayandıqları kimi, tez-tez həyatın imtahanlarına da tuş gəliblər. Bu gün Şamaxıda böyük şəcərə kəsb edən Əfəndiyevlərin övliyalıq-seyidlik missiyası min illər əvvələ gedib çıxır. Bunu biz deyil, tarix sübut edir...

Hikmət Məlikzadə

Daha çox xəbər