Tarixin “xəbərçi” təpələri

Qusarda “qala” sonluğu ilə bitən dörd kənd var: Həsənqala, Bədişqala, Bədirqala, bir də Gündüzqala. Deyilənə görə, bu yaşayış məntəqələri Həsən, Bədiş, Bədir və Gündüz adlı dörd qardaşın adı ilə bağlıdır. Gündüzqala kəndi qədim yaşayış məskənlərindən hesab olunur. Kənddə III-VII əsrlərə aid edilən Günütəpə yaşayış yeri “ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı”na daxil edilib.

Gündüzqala kəndinin yaşlı sakinləri deyirlər ki, bu ərazidə olan təpələrin əksəriyyəti süni yolla, yəni əl əməyi ilə yaradılıb. Dərbəndədək bir-birinə oxşar belə təpələr var. Sakinlərin əksəriyyətində yetkin qənaət budur ki, təpələr “xəbər ötürmək” üçün yaradılıb. Onların başında şadlıq, kədər, yaxud yadellilərin hücumuna işarə edən tonqallar yandırılıb. Bu cür xəbər paylaşmaq bizə “Kitabi-Dədə Qorqud”dan da tanışdır.

Azərbaycanın şımalında Qudyalçay və Samurçay arasındakı Qusar maili düzənliyində yerləşən bu kənd heç də sakit həyat yaşamayıb. Burada Çar Rusiyasına (1837), daşnaklara (1918-20) və Şura hökumətinə (1920-30) qarşı xalq üsyanları olub. Bolşeviklərin törətdiyi vəhşilikləri görən ləzgilər Sovet hakimiyyətini qəbul edə bilmirdi. Məhz buna görə də Haddam Çakarvi polkovniklikdən imtina edərək abrek olur və İmam Mushab-Əli Kuzunvinin rəhbərliyi ilə bir neçə il “qırmızılara” qarşı silahlı mübarizə aparıb.
Gündüzqalada başqa bir “dörd qardaş” haqqında da danışılır. Kənd qəbiristanlığında, üzərində 4 ədəd adi çay daşı olan, ətrafını ot basmış köhnə məzarlıq var. Öyrəndik ki, 1918-ci ildə Qubanın Digah kəndi ərazisindəki “Qanlı dərə”də erməni daşnakları ilə döyüşdə şəhid olan salmanovlar ailəsinin üzvləri-dörd qardaş bu yerdə dəfn edilib. Bir çox mənbələrə görə, həmin il baş verən erməni-müsəlman qırğını zamanı Quba qəzasında 162 kənd dağıdılıb, bunlardan 27-si əhalisi ilə birlikdə yandırılıb, 12 minədək ləzgi, 4 mindən çox azərbaycanlı və tat əhalisi olmaqla, ümumilikdə 16 mindən çox müsəlman qətlə yetirilib.

Gündüzqala kəndi o qədər də böyük deyil. Burada 300-dək ev var, min nəfərdən bir qədər çox əhali yaşayır. Kəndi rayon mərkəzi ilə birləşdirən avtomobil yolu asfaltlandığından gediş-gəliş rahat olub. Bir əsrdən çox yaşı olan kənd məscidi də son vaxtlar bərpa edilib.
Gündüzqala Qusarın mədəniyyət mərkəzlərindən hesab olunur. Yerli folklor evinin nəzdində 3 ansambl fəaliyyət göstərir: "Şahdağ" xalq kollektivi, xalq çalğı alətləri və "Kudu". Sonuncusu folklor ansamblıdır (bu diyarda qədim adət-ənənələr və foklor nümunələri qorunduğundan 2016-cı il Qusar Azərbaycanın “folklor paytaxtı” elan edilib).
İllərdir ki, “Kudu” köhnə xalq inancını səhnələşdirilmiş şəkildə təqdim edir. Gündüzqala kəndinin yaşlı sakinləri deyirlər ki, qabaqkı dövrdə quraqlıq vaxtı əsasən uşaqlardan ibarət bir dəstə adam əllərində qabları döyəcləyərək kəndin bir başından o biri başınadək gəzir, ucadan oxuyurmuş:
Kudu, kudu, yağsın gərək,
Yağışlar yağsın gərək.
Məhsulumuz bol olsun,
Təknəmiz dolu olsun!
Kənddəki hər evin qapısı döyülür, ev sahibi beldən yuxarı bədən hissəsini yaşıl budaq örtmüş mifik qəhrəmanın — Kudunun başı üzərinə bir qab su töküb, ona iki yumurta, yaxud şirniyyat verirmiş.
Kənd öz qiyafəsini dəyişməkdədir. Torpaqdan, çay daşlarından olan barıları mişar daşlarından hörülmüş uca hasarlar əvəzləməkdədir. Kənddə xeyli sayda müasir üslubda, bəzəkli ev tikilib. Gənclərdə yeniliyə meyllilik güclüdür. Amma gündüzqalalılar hələ də köhnə həyat tərzlərindən, mətbəxlərindən tam ayrılmayıblar. Adamlar gündəlik qida məhsullarına olan təlabatını, necə deyərlər, öz bağlarından ödəyirlər. Demək olar ki, bütün həyətlərdə ev heyvanları və quşları saxlanılır.
Qusarın bir çox kəndində olduğu kimi, Gündüzqalada da qadınlar çörəyi “xərək” adlandırılan ləzgi təndirində bişirirlər. Təndir xüsusi sarı torpaqdan yoğrulan palçığa keçi tükü və saxsı ovuntusu qarışdırılmaqla hazırlanır. Kənd toylarında qonaqlara kabab və digər ləziz təamlarla yanaşı, göyərti və ət qutabı da verilir. Onlar da elə xərəklərdə hazırlanır. Torpağın ətri hopmuş, ocağın həniri “yanağını” qızartmış çörək, yuxa və qutablar insanları öz yurduna daha çox bağlayır…
Azər Əli