Bakı Weather --°C
|

Allah ona imkan vermədi…

19.01.2026 11:32 | 6

Nə yaxşı ki, həyatımdan Şahmar Əkbərzadə adlı bir İNSAN keçdi!..

Bəlli ki, zamanı, elə insanı (da) öz gərdişi ilə axara salan Allahdır. Allah insanı əsrarəngiz gözəlliklər səltənəti hesab edir. İnsan isə (bir çox hallarda) bu gözəllikləri nə özü görür, nə də başqasına göstərmir; üstəlik, ona lütf vermək iqtidarında olan Allaha qarşı çıxır…

...33 ildir mətbuatdayam – alın tərim, halal zəhmətimlə (müsəlləh əsgər kimi) dövlətçiliyə xidmət edirəm. İndiyədək əhatəmdə onlarla görkəmli insan olub. Daha doğrusu, mən o insanların əhatəsində illərlə sığınacaq tapmışam. Həyat nədir, onu necə ram etmək olar? – onlardan əxz etmişəm (bəzən də elə bilmişəm, 1000 yaşım var...).

...33 ildə qarşıma (bir-iki nanəcib, daha çox isə) əsl mənada insan çıxıb. Onların işıqlı fəhmi məni doğru yola – Allah yoluna yönəldib... Nə xoş ki, hələ uşaq ikən – 5 yaşımda atam mənə bir dua öyrətmişdi: “Allahım, mən Sənin yolunla getmək istəyirəm! Məni Öz Yoluna yönəlt!”...

1997-ci ildən 2000-ci ilədək mənə mənəvi dayaq olan nəcib əməl sahiblərindən biri Allahın lütfü kimi diqqətimdə qalan, ömür yolumun üstünə südəmər ulduz kimi düşən istedadlı şair, əvəzsiz insan Şahmar Əkbərzadədir.

(Onun) harada doğulması (mənim üçün) önəm kəsb etmir... O, bütöv Azərbaycan idi...

...Səmimi etiraf etməliyik ki, Şahmar Əkbərzadə sıradan bir insan deyildi… Ucalıq rəmzi idi. Xeyirxahlıq üçün yaradılmışdı. Dünyasını dəyişən günə kimi, hətta indiyə qədər eşitmədim, kimsə onun haqqında pis (bir) söz desin, (yaxud) yanlış danışsın. Nə vaxt adı çəkildi, çöhrələrdə təbəssüm göründü.

Şahmar Əkbərzadə ucalığa gedən körpü idi. Adi insan kimi doğuldu, əməlisaleh bəndə kimi böyüdü, “Ucalıq” ordeni ilə təltif edildi... Onun insan adında cəmləşən yaxşılıqlar (zənnimcə) rəhməti üçün bir vəsilədir.

Şahmar Əkbərzadə elə bir şəxsiyyətdir ki, onu sadə - bəsit cümlələrlə xarakterizə etmək olmaz (olmur da)... Onun İNSAN rəsmini elə sözlərlə çəkməliyik ki, qismən də olsa, özünə oxşada bilək, nəsillər “əhsən!” desin.

Nə isə, Şahmar Əkbərzadənin (mənim də) həyatımda mənəvi rolu böyükdür. (Mən) onu “Yaxşılıqlar kralı” hesab edirdim...

1997-ci ildə Xalq şairi Bəxtiyar Vahabzadə “Ədəbiyyat qəzeti”nin redaksiyasına gəlmişdi. Mən həmin an ayda bir dəfə keçirilən Gənclər yığıncağında şeir deyirdim. Bəxtiyar müəllimi görən kimi susdum. O, yaxınlaşıb əlini çiynimə qoydu, dedi:

- Şeirini oxu. Şeir Allaha duadır, onu yarıda kəsməzlər.

Mən şeirimi dedim, ancaq hiss edirdim çiynimdəki ağırlıqdan dizlərim əsir. Elə bilirdim çiynimdə bir dağ var...

Bəxtiyar müəllim üzünü “Ədəbiyyat qəzeti”nin baş redaktoru Ayaz Vəfalıya tutdu, çiynimə qoyduğu əlini mənə tuşlayıb dedi:

- Ayaz müəllim, mən bu gənci tanıyıram. Keçən gün Şahmar Əkbərzadə ilə bir yerdəydik, mənə bir qəzet verdi, dedi burada hər ikimiz haqda yazı var. Qəzeti götürdüm, (yalnız) evdə oxmağa macal tapdım. Bu gənc, - bu dəfə Bəxtiyar müəllim mənə yaxınlaşdı, əlini yenə də çiynimə qoyub sözünə davam etdi: - Şahmarı “Yaxşılıqlar kralı” adlandırıb. Məni də əməlli-başlı tənqid edib...

Mən utandım, başımı aşağı saldım. Bəxtiyar müəllim polad dirəklərə bənzəyən barmaqları ilə çiynimi sıxıb dedi:

- Bu sözləri səni utandırmaq üçün demədim. Əksinə, demək istədim ki, aramızda çox güclü ədəbi fəhmi olan bir şair, bir tənqidçi yetişir...

Ayaz Vəfalı çöhrəsinə təbəssüm qondurub dedi:

- Hikmət yaxşı şairdir, mən onu gənclərin tutulduğu postmodernçilik azarından qorumaq fikrindəyəm...

Bəxtiyar müəllim işıq dolmuş iri gözlərini mənə dikib dedi:

- Oğul, mən artıq kollaşmış bir ağacam, vaxt tapanda məni də buda...

Yəni (demək istədi ki,) mənim də yaradıcılığım haqda ara-sıra əsaslı tənqidi yazılar yaz, şeirlərimi saf-çürük et...

Bəxtiyar Vahabzadənin Şahmar müəllimə xüsusi hörməti var idi. (Mənə) dedi ki, çox haqlı olaraq onu “Yaxşılıqlar kralı” adlandırmısan.

Yaxşı xatırlayıram, bir dəfə də “Tək səbir” qəzetində işlədiyim vaxtlar idi, “Azərbaycan” jurnalında şeirlərim dərc edilmişdi. Həmin gün redaksiyanın qapısını qəfildən bir insan açdı və salam verməmişdən qabaq məni soruşdu. (Zatən) otaqda iki nəfər idik – baş redaktor və mən. Məni jurnaldakı şəklə oxşatdığı üçün soruşdu:

- Hikmət Məlikzadə sənsən?

(Səmimi deyim) mən qəfil qorxu hopmuş gözlərimi həmin insana dikib dedim:

- Mənəm.

O, mahud rəngli barmaqları ilə tunc alətə bənzər əlində tutduğu jurnaldan iki sətir oxudu:

...Nə vaxtsa içimdə bir ağac bitib,

Məndən su işməyə barmaqları yox…

Sonra zəndlə üzümə baxdı, uşaq məsumluğu ilə dedi:

- Ay oğul, bu şeirlər – işıq hopmuş gözlərini əlindəki jurnala dikdi, - məni əməlli-başlı tərpədib. Səni tapıb içimdəkiləri deməsəydim, vicdanım rahat olmazdı. – Anidən susdu, sonra içdən bir ah çəkdi, dedi: - Allah imkan versin, sənə bir dədəlik eləyim.

Təbii ki, Şahmar Əkbərzadə şeirlərim haqqında xoş sözlər dedi və nə vaxt qarşılaşdıqsa, eyni sözləri işlətdi: “Ay oğul, Allah imkan versin, sənə bir dədəlik eləyim...”

…Allah ona imkan vermədi. Nə üçün? Hansı səbəbə? Bu, ya mənim şanssızlığım idi, ya da Allahın (gizli) istəyi… Hər nədən oldusa, bilmədim, 30 avqust 2000-ci ildə Şahmar Əkbərzadə (qəfildən) dünyasını dəyişdi… Əlbəttə, ölüm – gəlirəm, - demir, ummadığın anda başının üstünü kəsdirir…

Məsələ ondan ibarət deyil ki, Şahmar Əkbərzadə mənə mənəvi yaxşılıq etmək istəyirdi, (məsələ) ondan ibarətdir ki, rəhmətlik məni yaxşı insan olmağa sövq edirdi.

…Onun – o böyüklükdə kişinin mənim – ayağının biri boyda olan gənc birinin şeirləri haqqında yorulmadan ağızdolusu fikir ifadə etməsinə indi də heyrət edirəm... Demək ki, o vaxt çoxlarında dəb halını almış paxıllıq girdabı Şahmar Əkbərzadəni öz toruna sala bilməmişdi…

Şahmar müəllim heç bir sözə mifik-kos­moloji aspektdən yanaşmırdı, deyirdi ki, bu hal fiziki aləmdə - adamlar arasında qabarıq fikir ayrılığı ya­ra­dır... Doğrudan da, onun dedikləri heç kimi məcradan çı­xa­mrırdı. Ancaq arada həqiqəti elə xarakterizə edirdi ki, özündən razı adamlar gerçəyin fəhmi altında ağ bayraq qaldırmağa məcbur olurdular...

Bəllidir ki, Şahmar Əkbərzadənin şeirləri çox işıqlı idi. Məsələn, onun “Təzə nağara” şeiri bütün zamanlar üçün səciyyəvidir. Bu şeir bizə həqiqətləri anladır. Diqqət edək, (necə ki,) nağaranın işi zövqlərə uyğun səs çıxarması üçün şillələnməkdir, eləcə də məzlum adamın həyatı şahmat taxtasındakı piyadaların halı kimidir...

Şeirlərindəki bədii fitrət idi Şahmar Əkbərzadəni yüksəkdə tutan...

Bir neçə dəfə şahidi oldum, (hətta) tanınmış qələm adamları (təbii ki, düşüncə və fəhmi olmayanlar) Şahmar Əkbərzadənin paxıllığını çəkirdilər. Nə vaxt onun “48 ölçülü qadın paltarı” şeirindən misal gətirirdimsə, dərhal o paxıllıqları hiss edirdim...

Bir məqaləmi oxumuşdu rəhmətlik, yazırdım ki, insan elə məxluqdur, yaş ötdükcə cismi ağırlaşır. Bu an çiynindəki “yüklər”i atmaq lazım gəlir. Əslində, o “yüklər”i sən atmırsan, özləri - məni at, - deyir...

Yazıda bir bənd şeir də vermişdim:

Başlayır “dostlar”ın yarpaq tökümü,

Ömür dəftərimdən adlar azalır.

Yaxşı ki, çiynimdən “yük” düşür az-az,

Yaxşı ki, böyrümdən yadlar azalır...

Redaksiyamıza gəldi, əlimi bərk-bərk sıxdı, dedi, vallah, nə deyim, necə edim, bilmirəm, sadəcə, bir arzum var: - Allah imkan versin, sənə bir dədəlik eləyim...

Həyatın işinə nə deyim: Şahmar Əkbərzadə ilə çox az ünsiyyət qura bildim. Hər görüşəndə deyirdi ki, tə­biət və Allahla təması pozulan adamlardan gen dur, çünki onların köksündə şeytan bardaş qurur... (Sən) çalış, daim ağıllı ol. Ağıllı başlar gerçəyi daha dürüst qavrayır(lar)...

Mən Şahmar müəllimin şeirlərini həyat iksiri kimi içirdim. İndi də onun əzəmətli, həlim, kübar şeirləri mənim poeziya iksirimdir. O şeirlər misilsiz poetikası ilə bu gün də diqqət çəkir. Nə yaxşı ki, mən o şeirlərdə təzahür edən kübarlığı, həlimliyi, həzinliyi və lirik şövqü ilk andanca görə bilmişəm...

Bir dəfə filologiya elmləri doktoru, şair Famil Mehdinin qonağı idim. Söhbət əsnasında soruşdu:

- Hansı şairi daha çox oxuyursan?

Dedim, Şahmar Əkbərzadəni.

Bir qədər susdu, yenidən soruşdu:

- Niyə?

Dedim ki, o, həqiqi şairdir, həyatdakı mövqeyini bilir, ictimai-ədəbi gedişatı yaxından izləyir, özü üçün niskil, əzab yığır, oxucuya həyatın acı girdablarında necə duruş gətirməyi öyrədir, bunu ona ciddi örnək kimi aşılayır...

Famil müəllim əlimi bərk-bərk sıxdı, kövrəldi, bircə kəlmə dedi: Onu qorumaq lazımdır...

2026-cı ilin 28 dekabrında (mənim üçün ölməz) Şahmar Əkbərzadənin 85 yaşı tamam olacaq. Allah ömür əta etsə, inşallah, gələn il bu vaxtda onun işıqlı xatirəsini anacağıq. Əminəm ki, o çağa qədər bu böyük şəxsiyyətin yaradıcılığı haqda yazmağa başladığım kitabı (daha) sanballı şəkildə ərsəyə gətirə biləcə(yə)m.

Şahmar Əkbərzadə mənim üçün bir insanlıq kumiri oldu, indi də elədir...

Nə yaxşı ki, həyatımdan Şahmar Əkbərzadə adlı bir DƏDƏ, bir UZMAN, əsl mənada bir İNSAN keçdi!..

Hikmət Məlikzadə

Daha çox xəbər