Virtual şeytan

Şeytan insanı özünün bir çox girdablarında məhv edir. Telefon da bir şeytandır, belə deyək, virtual şeytan. O, bu gün gündəlik həyatımızın əsas (bəlkə də ən vacib) sosial predmetlərindən sayılır.
Bəlli ki, hazırkı dövrdə onsuz keçinmək (müəyyən mənada) müşkül məsələdir. Biz onunla uzaq məsafələri yaxın edir, şifahi əlaqə(lərimizi) qura bilirik və s. Bu, işin bir tərəfidir - müsbət yönüdür, lazımlı istiqamətidir. Ancaq telefon (həm də) zəruri olan çox şeyi batil edir, milli-mənəvi dəyərləri pozur, ailə, el-elat arasında aşkar soyuqluq yaradır, bir sözlə, mənəvi olanı maddi zəminə - yad münasibətlərə məruz qoyur. Məsələn, bunu telefonun təkcə ailə dəyərlərinə vurduğu ağır zərbə ilə isbat edək.
Yadımızdadır (ki,) 40-50 il əvvəl ailə seqmenti əsas sosial prioritet idi, tez-tez olmasa da, ailənin gənc üzvləri - şəhərdə yaşayan qismi bayramlarda, əlamətdar günlərdə, toyda, hüzrdə kəndə-kəsəyə gələr, təbii hal-əhval tutar, səmimi ünsiyyət qurardılar. O an ailə bağları bərkiyər, daha da möhkəmlənərdi; ata oğlunun, ana qızının, baba və nənələr də nəvələrinin üzünü görər, ən azı, beş-on gün hər evdə sevinc hisləri yaşanardı.
İndi belə deyil; eldən, elatdan (bu və ya digər səbəblərdən) şəhərdə yaşayanların böyük əksəriyyəti ayda, ildə bir dəfə, ya da əlamətdar günlərdə ata-anaları, qohum-əqrəbaları ilə telefonla əlaqə saxlayır, uzaqdan-uzağa hal-əhval tutur, belə deyək, özlərini bir-birlərinə həsrət qoyurlar. Çoxları da sadəcə, təbrik «sms»i yazmaqla yaxınları ilə (guya) əlaqə saxlayır, bununla özlərini borcdan çıxmış hesab edirlər.
Yaxud, işdən yorğun halda evə qayıdırsan, səni kimsə qarşılamır; həyat yoldaşının gözləri ya telefonda, ya da televizorda gic-gic seriallarda, uşaqların da eynən, hərəsi öz telefonunda ya oyun oynayır, ya tiktokdadır, ya da nə ilə məşğuldur, Allah bilir.
Altıncı, bazar günləri düşünürsən ki, evdəsən, dincələcəksən, ailə-uşağınla mənalı gün keçirəcəksən. Elə ki, səhər açılır, bir də görürsən, eyni mənzərə yaşanır, evin qadını, eləcə də uşaqlar əl-üzlərini yumamış telefona cumur, az qalırlar o andıra qalmış şeytan güzgüsünü gözlərinə soxalar. Sən də kənardan bu acı mənzərəni aciz-aciz izləyirsən. Düşünütsən, bu “qara qutu” gerçəkdən təbii şeytandır...
Böyüklər bir yana, bir də görürsən, iki yaşlı nəvən ailədən kiminsə telefonunu əlindən alıb, aşkar ustalıqla qurtdalayır, sanki orada nəsə axtarır...
Xülasə, telefon belə (bir) mənfi təlatümlə ailə-cəmiyyət münasibətlərini korlayır, ər-arvad arasında soyuqluğa zəmin verir, hətta boşanmalara, ölümə-itimə və digər xoşagəlməz hallara yol açır. Ailədə bu üzdən (hər hansı) bədbəxt hadisə yaşananda (da) utanmadan səslərini başlarına atırlar ki, telefon çıxardanın öyü yıxılsın və s.
Bir anlıq düşünək: milli-mənəvi dəyərlərin korlanmasına, ailə bağlarının qırılmasına və s. telefonu icad edən zəmin yaradır, yoxsa buna insanların telefondan asılılığı səbəbdir?
Dövr müasirdir, biz dünyaları, şəhərləri, ailələri bir saniyədə bir-biri ilə yaxınlaşdıran telefonun əleyhinə deyilik, əksinə, dövrlə ayaqlaşmağı özümüz də alqışlayırıq, ancaq bilmək istəyirik ki, nə üçün hazırkı insanların böyük hissəsi telefonu gündəlik həyatlarının ən əziz, ən vacib zərurəti hesab edir?! Tutaq ki, bir ailənin beş üzvünün hamısında telefon var, məgər bu, əlaqələri qırmalı, əri arvaddan, qardaşı bacıdan və s. uzaq salmalıdır? Yəni bu bir əlcə əcaib şey o qədər əhəmiyyətlidir ki, (hətta) milli dəyərlərdən belə üstündür?
Canım-gözüm, telefonun var, lap yaxşı, salamat işlət, ancaq həyat yoldaşın (uşaqların, nə bilim, daha kim - qohum-əqrəban) evə gələndə az qala gözlərindən asdığın o qara «tabut»u bir kənara qoy, ünsiyyət yarat, qarşıla, qabağına çay qoy, hal-əhval tut da. Məgər bu, o qədər çətindir? Məgər telefona ayırdığın vaxt həyat yoldaşına ayırmaqda çətinlik çəkdiyin vaxtdan belə dəyərlidir?! Bu tərz yanaşma kişini qadından soyudur axı. Və yaxud əksinə, qadın xoş münasibət umduğu halda, kişi gözlərini telefondan çəkmir, qadının beynində əks fikirlər cücərir axı... Sonda (da) ya ailə dağılır, ya uşaqlardan hansısa pis vərdişlərə qurşanır, ya da daha nə bilim nələr baş verir. Bax, bizim qorxduğumuz da bu və bu kimi şeylərdir. Biz telefonun ailələrə, cəmiyyətə verə biləcəyi bu fəsadlardan ehtiyat edirik. O fəsadlardan ki, get-gedə daha kəskin şəkil alır.
Zənnimizcə, bu məsələ bütöv cəmiyyəti narahat etməlidir, sözsüz ki, edir də. O zaman nə üçün bu «ifritə qadın»a olan asılılıqdan kimsə yaxa qurtara bilmir?
Hə, deyəsən anlamağa başlayırıq ki, Qiyamətin əlamətləri özünü büruzə verir, şeytan son çağlarını yaşayır deyə zorbalığını artırıb, xülasə, yer cəmiyyətində nə varsa, qamarlayıb.
Uşaq vaxtı eşitmişdik: nəyin zülmü artarsa, onun sonu yaxınlaşar...
Deməli, bu qəbahətləri törədən şeytandır...
Ancaq insan(lar) bu qəbahətə şeytandan daha çox zəmin yaradır, vallah!
Hikmət Məlikzadə