XATİRƏLƏRDƏ YAŞAYAN ŞƏHİD GİZİR RAMİL RƏHİMOV

Şəhidlik hər kəsə nəsib olan bir ucalıq deyil. Şəhidlər Allahın seçdiyi, imanla, sədaqətlə və pak qəlblə bu müqəddəs zirvəyə yüksələn bəndələrdir. Uca Allah Qurani-Kərimdə buyurur: “Allah yolunda öldürülənlərə ölü deməyin. Onlar diridirlər, lakin siz bunu dərk etməzsiniz.” Şəhidlər torpağın altında deyil, Allah dərgahında yaşayırlar. Onlar ölümü deyil, əbədiyyəti seçənlərdir.
Bu ucalığa yüksələnlərdən biri də şəhid gizir Rəhimov Ramil Sücəddin oğludur.
Ramil 1 yanvar 1992-ci ildə Abşeron rayonunun Ceyranbatan qəsəbəsində anadan olmuşdur. 1998-ci ildə Ceyranbatan qəsəbəsi 1 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, məktəb illərində intizamı, sakit təbiəti və yüksək məsuliyyət hissi ilə seçilmişdir. 2007-ci ildə Bakı Dövlət Sosial-İqtisad Kollecinə daxil olmuş, 2011-ci ildə həmin təhsil müəssisəsini bitirmişdir.
Elə həmin il Azərbaycan Ordusunun sıralarına qoşularaq hərbi xidmətini Füzuli rayonunda keçmişdir. Xidmətdən sonra müxtəlif sahələrdə çalışsa da, qəlbindəki Vətən sevgisi onu rahat buraxmamış, yenidən hərb yoluna qaytarmışdır.
2018-ci ildə Ramil öz istəyi ilə Dövlət Sərhəd Xidmətində gizir vəzifəsində xidmətə başlamış, 2022-ci ilin oktyabr ayından etibarən Daxili Qoşunların sülhməramlı qüvvələrində xidmətini davam etdirmişdir.
Ramil ailəsinə çox bağlı idi. 2019-cu ildə ailə həyatı qurmuş, 2020-ci ildə Dəniz adlı qızı dünyaya gəlmişdir. Ata olmaq onun üçün böyük qürur idi. İkinci qız övladı isə 1 yanvar 2024-cü ildə — Ramilin ad günündə dünyaya gəlmişdir. O, bu körpəyə “Yağmur” adını qoymuşdu. Təəssüf ki, Yağmur atasını görmədi. Ramil qızını qucağına almadan şəhadət zirvəsinə ucaldı.
2023-cü ilin sentyabrın 4-də Ağdam rayonuna ezam olunan Ramil, 20 sentyabr 2023-cü il tarixində 23 saat 44 dəqiqə davam edən antiterror əməliyyatı zamanı döyüş yoldaşları ilə birlikdə neytral zonadan şəhid olmuş bir əsgəri çıxararkən düşmən snayperinin açdığı atəş nəticəsində qəhrəmancasına şəhid olmuşdur.
Ramilin döyüş dostu Kənan Ağazadə həmin döyüşü belə xatırlayır:
“Onunla birlikdə dörd döyüş yoldaşı — Xəzər, İslam və Əkbər də şəhid oldu. Biz yaralı əsgəri neytral zonadan çıxarmağa çalışırdıq. Pusquda dayanmış düşmən bizi snayperlə nişan almışdı. Mən ağır yaralandım. Ramilin son sözü qulaqlarımdadır: ‘Qızım…’ Bu sözlə o, bu dünyadan ayrıldı və şəhadət zirvəsinə yüksəldi.”
Şəhid anası Gülhava xanımı anım günlərində tez-tez görürəm. Əlində gül, baxışlarında sonsuz həsrət, duruşunda isə sarsılmaz qürur olur. O, yalnız öz oğlunu deyil, bütün şəhidləri bir ana kimi yad edir. Gülhava xanım gəlini ilə birlikdə Ramilin iki körpə yadigarını — Dənizi və Yağmuru — Vətən sevgisi və şəhid ruhu ilə böyüdür. Dəniz körpə ikən atasını görsə də, yəqin ki, xatırlamayacaq. Yağmur isə atasının üzünü görməsə də, onun hansı müqəddəs amal uğrunda canından keçdiyini bilərək böyüyəcək.
Döyüş dostlarının sözlərinə görə, Ramil yalnız döyüş yoldaşı deyildi. O, arxayınlıq, sədaqət və “mən buradayam” demək idi. Belə insanlar ölmür — onlar şəhid olurlar və xalqın yaddaşında əbədi yaşayırlar.
Şəhidin xatirəsinə bir şeir yazdım;
Canın qurban verdi Vətən yolunda,
Ramilin gözündə həsrəti qaldı.
Vətənin daşında, hər qayasında,
Şirin xatirəsi, söhbəti qaldı.
Çəkilər Vətənin üstündən duman,
Dəniz ilə Yağmur böyüyən zaman,
Fəxr edər atası Ramillə hər an,
Ananın arzusu gözündə qaldı.
Ulduz tək parlayır göylər üzündə,
Şəhid anaların qəmli gözündə,
Dostlar xatirəni saxlar sözündə,
Şəhidlər tarixdə əbədi qaldı.
Ruhun şad olsun, şəhid gizir Rəhimov Ramil Sücəddin oğlu.
Şəhidlər ölməz, Vətən bölünməz!
Rauf İlyasoğlu
Şair-jurnalist