Bakı Weather --°C
|

«TUT AĞACI»NIN KÖLGƏSİNDƏ

23.01.2026 09:56 | 35

«Tut ağacı»nın kölgəsində əyləşib dostum Hüseyn İsaoğlunun mənə təqdim etdiyi «Tut ağacı» hekayələr toplusunun əlyazmasını diqqətlə oxudum və mövzu palitrası daha əlvan, daha rəngarəng olan istedadlı bir qələm adamının söz dünyasında özümü göyün yeddinci qatında hiss elədim.

Onu da hiss elədim ki, hekayələrini böyük sevgi və səmimiyyətlə oxuculara təqdim etməyə hazırlaşan Hüseyn İsaoğlu həm də qələmilə çağdaş zamanın düşüncələrini, qayğı və problemlərini, müasir insanların həyat tərzini və s. əks etdirməyi bacara bilib. Hər bir qəhrəmanın yaşam fəlsəfəsini ustalıqla açan yazıçının hekayələrində hissin, ovqatın müasirliyi o qədər orijinal təsir bağışlayır ki, heyrətlənməyə bimlmirsən. Müasir həyatı, cəmiyyətdə gedən prosesləri, insanların üzləşdiyi problemləri güzgü kimi əks etdirməyi bacaran Hüseyn İsaoğlu hər hekayəsində insanın fikir və düşüncələrini, arzu və istəklərini, qaranlığın işığa, kədərin sevincə, haqsızın haqlıya qalib gəldiyini, cəmiyyətdə baş alıb gedən haqsızlıqları, harınlamış məmurların özbaşınalığını, nadanın alimə dərs dediyini…zərgər dəqiqliyilə əks etdirir və bu da yazıçının müşahidə qabiliyyətindən, həyatı duymaq bacarığından irəli gəlir.
Hardasa oxumuşam. Oxumuşam ki, yaxşı hekayə yazmaq, roman yazmaqdan çətindir. Haqlı deyimdir. Bu deyimə mən də əlavə etmək istəyirəm. İstəyirəm ki, nəsrlə məşğul olan və yaxud olmağa başlayan gənc yazarlar bilsinlər ki, hərbi gəmidə olduğu kimi, hekayədə də artıq bir şey olmamalıdır. Yoxsa hekayə söz yığınına çevrilər ki, bu da oxucunu həm yorar, həm də usandırar. Bu baxımdan yazıçı Hüseyn İsaoğlunun hekayələri öz yığcamlığı, lakonikliyi, sərrastlığı və oxunaqlığı ilə diqqətimdən yayınmadı. Yazıçının qələmə aldığı «Qazi», «Dollar Həsən», «Tut ağacı», «Qafar müəllim», «Nərgiz», «Papiros dağı» və s. hekayələrində romanlarda ifadə oluna biləcək fikir və düşüncələrə rast gəldikcə beynimdən keçən ilk fikir bu oldu: - Hüseyn istedadlı yazıçı olduğunu «Tut ağacı» kitabında bir daha təsdiqləyəcək və bir yazıçı kimi də son illərdə qələmə aldığı hekayələrilə müasir Azərbaycan nəsrində imzasının yanında öz möhrünü də vura biləcək.
Hüseynin hekayələrində ağır problem altında inləyən əsl ziyalılar da («Qafar müəllim», rüşvətxor vəzifə sahibləri də «Balakişi», gəlin köçüb qayınana evində hegemonluq edənlərin timsalında Günay kimi yaramazlar da («Gəlin»), əsl insan kimi yaşamaq istəyənlər də, («İnsan kimi yaşamaq arzusu» Vətən uğrunda ölümə gedənlər də, («Qazi»), bir sözlə, cəmiyyətdə yaşayan hər təbəqənin nümayəndəsi gözlərimiz önündə ustalıqla canlandırılır.
Hüseynin hər hekayəsində bir romanın, povestin «yükü» var. O, istəsəydi hər hekayəsindən bir roman yaradardı, amma Huseyn kiçik hekayələrldə böyük fikirlər ifadə edən yazıçı olduğuna görə, bunu istəməyib, çünki o, uzunçuluq eləmir, fikrini sərrast ifadə edr. Hər fikri, hər hadisəni güllə kimi işlədir. Və onun söz gülləsi öz hədəfindən yayınmır, birbaşa «onluqda» ilişib qalır. O, həm də böyük filosov və yazıçı Lentsin dediyi fikrə - «Gəlin, mümkün qədər qısa yazaq. Onsuz da həyatda söz əlindən tərpənmək olmur» fikrinə sədaqətini nümayiş etdirir.

Səmimi deyirəm. Hüseyn İsaoğlu hekayələrində - kiçik janrda böyük həqiqətləri göstərən, oxucunu həyəcanlandıran yazıçıdır və bir yazıçı kimi insan problemlərinə biganə qalmır. Onun tezliklə işıq üzü görəcəyi «Tut ağacı» kitabında yer almış «Yaralı durna», «Anama deyərsən ki…», «Dərman pulu», Dur, dərsə get» və s. hekayələrində insan şəxsiyyətinə, insan psixologiyasına, insanla mühit və cəmiyyət arasındakı münasibətlərə ciddi önəm verilir.
Onun qələmə aldığı mövzular ilk baxışda sadə görünsə də, bu hekayələrin daşıdığı məna yükləri ağırdır, təsvir gücü zəngindir. Yüksək sənətkarlıqla qələmə alınmış bu hekayələrin bir çoxunda həm mövzu, hadisə, əhvalat və vəziyyətlər adi olsa da böyük fikirlər var, insanı düşündürməyə məcbur edən xüsusiyyətlər var. Bu adilikdə, bu sadə, yığcam hekayələrdə müasir və güclü bir məna dərinliyi, ülvi, nəcib duyğular var, insan qəlbinin müqəddəs hissləri var, dövrə, zəmanəyə münasibət, əxlaq və tərbiyə bütövlüyünün səmərəsi üçün gözəl nümunələr var.
Kiçik janrın - hekayənin hüdud və imkanlarını, tələb və prinsiplərini ciddi şəkildə nəzərə alan Hüseyn İsaoğu müxtəlif antipotların təkrarsız obrazını məharətlə yarada bilən yazıçdır. Onun həqiqi sənət nümunəsinə yüksələn hekayələri bir daha göstərir ki, o, fəal müşahidəçidir, axtaran və öyrənən sənətkardır, mənfilik və eybəcərliyə qarşı mübarizə aparan, insan adını ləkələyən, insan ləyaqətini alçaldan, cəmiyyətin əxlaq normalarına zidd olan hallara qarşı qələmini süngüyə çevirə biləcək cəsarət sahibidir
Hüseynin hekayələrində dialoqlar da maraqlıdır, cəlbedicidir. Bu, təsadüfi deyil, çünki o, bir yazıçı olaraq dialoqa sənətkarlığın zəruri bir şərti kimi baxır və buna böyük əhəmiyyət verir.
Yazıçının hekayələrində sadəlik və təbiilik, realist təsvirin gözəlliyi, əhvalatların bitkin süjetdə koloritli ifadəsi onun əsərlərinin maraqla oxunmasına, rəğbətlə qarşılanmasına gətirib çıxaran amillərdən biri olacağına özümə inandığım kimi inanıram.
Və ən nəhayət onu da demək istəyirəm ki, Hüseyn İsaoğlunun «Tut ağacı» kitabında yer almış hekayələrində bir yazıçı ürəyinin ağrısını duydum. Onu da duydum ki, yazıçı təkcə öz duyğularını, həyəcanlarını, fikir və düşüncələrini deyil, bəşəri duyğuları, bəşəri düşüncələri də nəsr əsərlərinə köçürüb. Onun əsərlərində həm də yazıçı ürəyinin yanğısını gördüm, işıqlı bir ürəyin qar kimi əridiyini gördüm.
İnanır və ümid edirəm ki, «Tut ağacı» kitabı oxucuların diqqətini çəkəcək, müasir Azərbaycan nəsrində layiq olduğu yerlərdən birini tutacaq, müəllifin imzasını imzalar içində bir daha təsdiqləyəcək, ədəbiyyatın inkişafında mühüm rol oynayacaqdır.
Dəyərli oxucular! «Tut ağacı» kitabının əlyazmasını birnəfəsə oxudum və tezliklə sizə ünvanlanacaq bu kitabla tanış olmağı sizə də tövsiyyə edirəm.

Vaqif İsaqoğlu yazıçı-publisist,
Prezident mükafatçısı

Daha çox xəbər